MDB-yə üzv ölkələrin ziyalılarının X Forumu keçirilir

23.10.2015 00:13     Sosreaksiya     1493

Qazaxıstanın paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin “Birliyin humanitar məkanı: ümumi dəyərlər və mədəniyyətlərarası dialoq” mövzusunda X Forumu keçirilir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təşkil edilən forumdaAzərbaycanı nazir Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Açılış mərasimində M. Cabbarov Azərbaycan prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Forumun spikerləri - MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, fondun idarə heyətinin həmsədri Mixail Şvıdkoy, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhammediulı plenar iclasda iştirak ediblər.

Toplantının növbəti günü sessiyalar üzrə mədəniyyətlərarası dialoq, MDB-də 2016-cı ilin “Təhsil ili” elan edilməsi, mədəniyyətlərarası dialoqda muzeylərin rolu, ümumi tarixi yaddaşın və nəsil varisliyinin qorunub saxlanılması kimi mövzular müzakirə olunacaq.

Tədbirdə “Debütlərin Birliyi 2015” beynəlxalq gənclər müsabiqəsinin laureatları mükafatlandırılıb. Bu il mükafatlar turizm sahəsinin mütəxəssislərinə verilib. Mükafata layiq görülənlər arasında Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Şəmsiyyə Tahirbəyova da olub.

Şərhlər