"Veb-kamera" quraşdırılacaq məntəqələr müəyyənləşdi

23.10.2015 00:46     Sosreaksiya     1713

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Reaksiya.az-ın məlumatına görə, iclasda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səsvermə prosesində seçki məntəqələrində “veb-kamera”lardan istifadə məsələsində baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, müşahidəçilərin seçki prosesinə cəlb edilməsi prosesi olduqca önəmlidir. 2008-ci ildə Azərbaycanda ilk dəfə “veb-kamera”lardan istifadə edildiyini deyən N. Məmmədov deyib ki, “veb-kamera”lardan istifadə olduqca mühümdür və bu il də bu təcrübənin tətbiqi davam etdirilməlidir: “Bu il də 119 seçki dairəsinin 1000 seçki məntəqəsində kameralar quraşdırmağa nail olacağıq. Səsvermə kabinələri istisna olmaqla, bütün proseslər bu kameralar vasitəsilə izləniləcək. Seçki prosesi başlayandan sona kimi seçkiləri izləmək mümkün olacaq. Təklif olunur ki, qərarın icrası aidiyyatı qurumlara həvalə edilsin”.

Təklif səsverməyə qoyularaq qəbul edilib.  

Sonra seçkilərdə “exit poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb. “Rəy” Monitorinq Mərkəzinin müraciəti müsbət qiymətləndirilib və qəbul edilib.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Şərhlər