Allahşükür Paşazadə Başqırdıstanın rəhbəri ilə görüşdü

23.10.2015 13:29     Sosreaksiya     1833

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Başqırdıstan Respublikasının rəhbəri Rüstəm Həmidovla görüşüb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat QMİ-nin mətbuat xidmətindən verilib.

Məlumata görə, görüş Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən "XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri" mövzusunda VIII Beynəlxalq elmi-praktik Konfransda iştirak çərçivəsində baş tutub.

Səmimi şəraitdə keçən görüşdə respublikanın rəhbəri Ufa konfransına qatılmaqla şərəf verdiyinə və tədbirin işində yaxından iştirakına görə QMİ rəhbərinə təşəkkürünü bildirib.R.Həmidov dini maarifləndirmə, gənclərin ənənəvi dəyərlər işığında tərbiyələndirilməsi kimi böyük elm və səbr tələb edən sahədə dini liderlərin rolunu yüksək dəyərləndirib.

Ufa konfransını önəmli olduğunu qeyd edən respublikanın başçısı Başqırdıstanda dini-mənəvi sahədə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verib.

Azərbaycan xalqına və onun ləyaqətli rəhbərinə böyük ehtiramı olduğunu bildirən R.Həmidov Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını yetirməyi rica edib. R.Həmidob bidirib ki, Azərbaycanla Başqırdıstan arasında iqtisadi və mədəni-mənəvi sahələrdə əlaqələrin səviyyəsindən razıdır və bu münasibətlərin daha da inkişaf etməsi istəyindədir. Respublikanın rəhbəri ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər etmək və Prezident İlham Əliyevlə görüşmək və ölkəmizin uğurları ilə yaxından tanış olmaq niyyətini bildirib.

Respublika rəhbəri Başqırdıstanın çox vaxt ikinci Bakı adlandırılmasına toxunaraq, azərbaycanlı neft mütəxəssislərinin Başqırdıstanın neft sənayesinin yaradılması və inkişafında önəmli rolunu minnətdarlıqla xatırlayıb.

Görüşdə iştirak edən Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddin 35 ildən artıq müddət ərzində yaxından tanıdığı, təhsil illərindən dost, qardaş olduğu, dini liderlər olaraq səmərəli əməkdaşlıq etdiyi və ötən əsrdən başlayaraq çiyin-çiyinə mübarizə apardığı Şeyxülislam A.Paşazadə haqqında xoş xatirələrini Başqırdıstan rəhbərinin diqqətinə çatdırıb. O, Şeyxülislam A.Paşazadənin təkcə Azərbaycan, Qafqaz deyil, MDB dindarlarının dini lideri olduğunu xüsusi vurğulayaraq, onun gördüyü işlərin, dəyərli təşəbbüslərinin nə qədər böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə RF Başqırdıstanın rəhbəri R.Həmidova qəbul üçün dərin təşəkkürlərini bildirib. O, Azərbaycan xalqının və onun Prezidenti İlham Əliyevin səmimi salamlarını Başqırdıstan rəhbərinə və bütün qardaş başqırd xalqına yetirib. Ufa torpağına böyük məmnuniyyətlə gəldiyini deyən QMİ sədri önəmli Konfransın işindən, müzakirə olunan məsələlərin aktuallığından söhbət açıb. Baş Müfti Talqat Tacuddinin Başqırdıstandakı fəaliyyətini yüksək dəyərləndirdiyini bildirən Şeyxülislam A.Paşazadə onun təkcə Rusiya deyil, dünya müsəlmanlarının önəmli şəxsiyyəti, nümunəvi din xadimi olduğunu bildirib.

Şeyxülislam A.Paşazadə Başqırdıstanın başçısı R.Həmidovu Azərbaycanda məmnuniyyətlə gözləyəcəklərini diqqətə çatdırıb. O xüsusi vurğulayıb ki, Ufada yaşayan azərbaycanlılarla görüşləri zamanı diaspora üzvləri respublika rəhbərliyindən razılıq edib, həyat və fəaliyyətlərindən məmnunluq ifadə ediblər.

Görüşün sonunda Şeyxülislam A.Paşazadə R.Həmidova Qurani-Kərim və Bakını vəsf edən tablo hədiyyə edib. Baqşırdıstan rəhbəri, öz növbəsində, xüsusi xatirə hədiyyəsini QMİ sədrinə təqdim edib.

Şərhlər