Azərbaycanlı məmurun oğlu Kiyevdə qəza törətdi - 1 ölü

23.10.2015 14:24     Sosreaksiya     2799

Kiyevin mərkəzində Azərbaycan vətəndaşı ölümlə nəticələnən qəza törədib.

Reaksiya.az APA TV-ə istinadən xəbər verir ki, şəhərin Borispol magistralında "Mercedes" yoldan çıxaraq maneəyə çırpıldıqdan sonra aşıb. Bundan sonra avtomobil yanmağa başlayıb.

Yanan maşının içərisindəki sürücü və sərnişini yaxınlıqdakı şəxslərin köməyi ilə çıxarmaq mümkün olub. Lakin xanım sərnişin hadisə yerindəcə ölüb. Azərbaycan vətəndaşı olan 20 yaşlı sürücü isə ağır xəsarətlər alıb.

Şahidlərin dediyinə görə, qəzaya uğrayan avtomobil yüksək sürətlə hərəkətdə olub. Yaralı sürücü xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Hadisəni görənlər qəzada daha bir avtomobilin əzildiyi, həmin maşının qəza yerindən uzaqlaşdığını qeyd ediblər.

Son məlumatlara görə, qəzanı törədən sürücü Araz Məmmədov “Aztelekom” İstehsalat Birliyinin direktoru Məmməd Məmmədovun oğlu, qəzada dünyasını dəyişən isə Məmməd Məmmədovun baldızı qızıdır. 

 

Şərhlər