"Ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur" - Sarkisyana tutarlı cavab

23.10.2015 15:28     Sosreaksiya     1852

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) məzunlarının İrəvanda keçirilən forumunda çıxışına münasibət bildirib.

Reaksiya.az apa-ya istinadən xəbər verir ki, H. Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğal və ilhaqını bir daha sübut edən 27 sentyabr 2015-ci il tarixli bəyanatını yəqin unutmayıb:

“Çıxışında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mahiyyətini təhrif edən Ermənistan rəhbərliyinin yaddaşını təzələmək istərdik ki, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə dəstək və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiqlənərək, işğalçı qüvvələrin işğal altındakı bütün Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb olunur. Qətnamələrdə eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması və gücdən istifadə edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. ATƏT Minsk Qrupunun mandatına dair 23 mart 1995-ci il tarixli sənədə uyğun olaraq bu qətnamələr Minsk Qrupunun fəaliyyətinin əsasını təşkil etməlidir. Güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək məsələsi də Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrilib. Ermənistan Azərbaycana qarşı güc tətbiq edib və bunun nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal olunub. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək kimi çağırışının tələbləri işğalçılıq həyata keçirmiş dövlət kimi məhz Ermənistan tərəfindən icra edilməlidir. İşğal və təcavüzün nəticələri aradan qaldırılmadığı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu halda, güc tətbiq etmək və güc tətbiq edərək hədələməyi davam etdirən dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

H. Hacıyevin sözlərinə görə, tarixə müraciət edən Ermənistan rəhbərliyi unutmamalıdır ki, arxeoloji, etnoqrafik və antropoloji baxımdan ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur:

“Cənubi Qafqaza köç etdirilmiş ermənilər Rusiya imperiyasının süqutundan sonra Ermənistan adı altında tarixi Azərbaycan torpaqlarında özlərinə dövlətəbənzər bir təsisat yaratmışlar”.

Şərhlər