"Elmlər Akademiyasını ləğv etmək əvəzinə, ..." - Əhməd Qəşəmoğlu

23.10.2015 17:49     Sosreaksiya     2949

Keçmiş millət vəkili, uzun müddət parlamentdə Elm və təhsil komitəsinə rəhbərlik etmiş professor Şahlar Əsgərov Azərbaycan Milli Elmlər Akademiyasının ləğv edilməsini təklifi ilə çıxış edib. O, qurumun sovet rejiminin məntiqinə uyğun yaradıldığı üçün fəaliyyət göstərməsinə ehtiyac olmağını bildirib.

Sosioloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əhməd Qəşəmoğlu sabiq deputatın fikirləri ilə bağlı Reaksiya.az-a açıqlama verib.

O, Elmlər Akademiyasının ləğvi əvəzinə islahatlara ehtiyac olduğunu vurğulayıb:

“Akademyanın ləğv edilməsi təzə söhbət deyil. 1992-1993-cü illərdə də bu sual ortada idi. O zaman Milli Məclisin Elmi Mərkəzinin rəhbəri idim və Akademiyanın bağlanmasının qarşısını alanlardan biri də mən oldum. Akademiyanın bağlanması məsələsinə ondan nə şəkildə istifadə  edilməsi mövqeyindən baxmaq lazımdır. İndiki dövr elmi idarə etmə dövrüdür. Hər hansı bir ölkənin hərbi gücündən də vacib olan onun elmi gücüdür, elmdən idarəetmədə, ölkənin tərəqqisində hansı səviyyədə istifadə edilməsi məsələsidir. Müstəqil bir dövlətdə Elmlər Akademyasından ölkənin idarə edilməsinin, ölkənin tərəqqisinin bir generatoru kimi istifadə etmək olar. Bu baxımdan Akademiyanı ləğv etmək yolverilməzdir. Elə buna görə də 1993-cü ildə Akademiyanın bağlanmasının tərəfdarı deyildim. Amma təəssüf ki, indiki zamanda Akademiyadan bu istiqamətdə istifadə olunmur. Əksər institutların fəaliyyəti olduqca zəifdir. Akademiyanı o zaman ləğv etmək olar ki, ölkədə elmin təşkili ilə məşğul olan hansısa ciddi bir qurum olsun. Məncə Akademiyanın ləğvindən yox, onun fəaliyyətini inkişaf etdirmək üçün ciddi islahatlardan danışsaq, daha yaxşı olar”.

Şərhlər