Cəbhə bölgəsində konfrans keçirilib

24.10.2015 01:50     Sosreaksiya     1345

 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, oktyabrın 23-də cəbhə bölgəsində “Dünya ordularının qabaqcıl təcrübəsi əsasında Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji təminatının əsas istiqamətləri” mövzusunda konfrans keçirilib. 

Reaksiya.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, konfransda Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji təminatının əsas istiqamətlərinə dair geniş məruzə ilə çıxış edib.

Məruzə ətrafında çıxış edən Müdafiə Nazirliyinin müxtəlif idarələrin, Əlahiddə Ümumqoşun Ordusunun, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığı işinin istiqamətləri barədə fikirlərini bölüşüblər. 

Sonda müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bu cür tədbirlərin şəxsi heyətlə iş üzrə cavabdeh zabitlərin peşakarlıq səviyyəsinin artırılmasına, təcrübə mübadiləsinin həyata keçirilməsinə layiqli töhfə verəcəyini bildirib. Konfrans iştirakçılarının suallarını cavablandıran nazir müavini şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabitlərin Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün bundan sonra da öz bacarıqlarını əsirgəməyəcəyinə əminliyini vurğulayıb.

Şərhlər