30 min müəllim yoxlanılacaq
24.10.2015 02:12 Sosreaksiya 1414
Müəllimlərin növbəti diaqnostik qiymətləndirməsi respublikanın 9 rayon və 3 şəhərində keçiriləcək.
Reaksiya.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, nazirin 994-nömrəli əmrinə əsasən bu dəfəki imtahanda təxminən 30 min müəllim iştirak edəcək.
İmtahanlar həmin rayonlardakı Olimpiya İdman Komplekslərində təşkil olunacaq. Diaqnostik qiymətləndirilmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq müddətli və ya müddətsiz müqavilə əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar. İmtahanını məzmununda hər hansı dəyişiklik olmayacaq.
Sualların 10 faizinə doğru cavab verən müəllim imtahandan keçmiş hesab olunacaq.
İlham Nağıyev onu da qeyd edib ki, imtahanlar zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.
Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər imtahandan müsbət nəticə əldə etmiş hesab olunur.
İmtahandan keçmiş müəllimlərin əmək haqları 25-30 faiz artım olacaq. Əsaslı səbəblərdən imtahanda iştirak edə bilməyən müəllimlər növbəti mərhələdə diaqnostik qiymətləndirmədən keçə biləcəklər. Bu imtahanlardan sonra ölkə müəllimlərinin 40 faizi diaqnostik qiymətləndirmədən keçmiş olacaq.
Gələn ilin əvvəlindən başlayaraq digər rayonlarda çalışan müəllimlərin də diaqnostik qiymətləndirməsinini təşkil olunması istiqamətində müvafiq işlər həyata keçiriləcək.
Şərhlər