“Sizə və dövlətimizə xidmət etməkdən şərəf duydum” - Qənirə Paşayeva - FOTOLAR
24.10.2015 11:11 Sosreaksiya 2225
105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Qaraxanlı kəndinin sakinləri ilə görüşüb.
Seçicilər qarşısında çıxış edən Qənirə Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işləri barədə məlumat verib. Cənab Prezidentin son günlər imzaladığı fərmanlar barədə də danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, bütün bu addımlar bölgələrdə kiçik və orta sahibkarlığın inkişafına təkan verməklə yanaşı insanlarımızın həyat səviyyəsinin inkişafına da özünün müsbət töhfəsini verəcək. Çoxlu sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb:
“10 il deputat fəaliyyətim dövründə Tovuzda nə ailəm üçün biznes qurdum, nə də qohumlarımın yüksək vəzifələrə təyini xahişini etdim. Bu illər ərzində Tovuzda nə xahişim olubsa sizinlə, seçicilərimizlə bağlı olub və mən hər zaman əlimdən gəldiyi qədər sizin problemlərinizin həlli üçün imkanlar və səlahiyyətim daxilində əlimdən gələni etməyə çalışdım. Hər zaman sizin fikir və təkliflərinizi qanunların müzakirəsi zamanı səsləndirməyə çalışdım və ölkəmizin dünyada daha da geniş tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha da geniş yayılması istiqamətində dövlətimizin geniş fəaliyyətinə dəstək olmağa çalışdım. Bu gün regionda və fünyada gedən bir sıra proseslər barədə danışan millət vəkili Qənirə Paşayeva bizim hamımız üçün dövlətimizdən, onun müstəqilliyindən dəyərli heç nə ola bilməz. Bizim inkiafımız, ortaya çıxan problemlərimizin həlli dövlətimizin inkişafından keçir. İnkişaf isə sabitlikdən. Ona görə də ölkəmizin sabitliyi, inkişafı və ərazi bütövlüyümüzün bərpası üçün cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşərək daha da çox çalışmalıyıq. Və böyük və kiçik olmasından asılı olmayaraq hər bir vəzifə sahibi insanlarımızın qayğı və problemlərinə həssaslığı daha da artırmalı, onların həlli üçün çalışmalıdır, onları artırmaq üçün deyil. Cənab Prezident müşavirələrinin birində söylədiyi kimi biz hamımız xalqa xidmət etməliyik. Mən 10 il deputatlıq fəaliyyətimdə hər zaman bu düşüncə ilə hərəkət etdim və sizə xidmət etməyi özümə şərəf bildim”- deyən millət vəkili Qənirə Paşayeva son 10 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Qaraxanlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını deyib.
Qaraxanlının Tovuzun ən böyük kəndlərindən biri olduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, 10 illik fəaliyyəti dövründə Qaraxanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq. 10 illik fəaliyyəti ilə bağlı hesabat verən millət vəkili Qənirə Paşayeva bildirib ki, bundan sonra da kənd sakinlərinin həllini gözlədiyi problemlərin həllini tapması üçün müvafiq qurumlarla hər zaman müzakirələr apararaq dəstək göstərməyə çalışacaq.
“Bəzən bir problemin həlli üçün 1 qurumun rəhbərinə 3-4 dəfə müraciət etmişəm, amma bundan heç zaman çəkinməmişəm. Çünki sizin probleminiz mənim problemimdir.. Ölkəmizin hüdudlarından kənarda beynəxalq qurumlardakı fəaliyyətimdə də hər zaman sizi, ölkəmizi layiqli şəkildə təmsil etməyə çalşmışam”- deyən Qənirə Paşayeva 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupnun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib. Görüşdə çıxış edən onlarla kənd sakini, ziyalılar millət vəkili Qənirə Paşayeva təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq sizə etimadımız tamdır və yenidən sizə etimad göstərəcək, səs verəcəyik deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.
O, bildirib ki, kəndin içməli su məsələsinin yaxşılaşdırılması üçün bir neçə dəfə “Azərsu”ASC-nin sədri Qorxmaz Hüseynov ilə müzakirə aparıb. “Azərsu” rəhbərinin kəndə yeni su xəttinin çəkilməsi layihəsini hazırlamaq üçün Bakıdan bir qrup da göndərdiyini və məsələnin gələn il içərisində həllini tapacağını söylədiyini deyən Qənirə Paşayeva bu məsələni bundan sonra da daim diqqətdə saxlayaraq həllini tapması üçün əlindən gələni edəcəyini deyib. Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian quyularının saylarının daha da artmasına olan ehtiyac barədə onlarla müzakirələr apardığını və onların bu istiqamətdə gələn il də dəstəklərini davam etdirəcəklərinə dair söz verdiklərini vurğulayıb. Hər iki məsələni bir millət vəkili olaraq daim diqqətdə saxladığını deyən Qənirə Paşayeva yenidən onlarla bağlı “Azərsu” ASC və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərlikləri ilə müzakirə aparacağını, sakinlərin bu istiqamətdə fikir və təkliflərini yenə də onlara çatdıracağını deyib. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin kənddə yaşayan fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.
Seçicilər millət vəkili Qənirə Paşayevaya “Siz bizim dəstəyimizi öz fəaliyyətinizlə illər öncə qazanmısınız və bu dəstək davam edəcək və inanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız” - deyərək uğurlar diləyiblər.
Şərhlər