Prezident Administrasiyasının sabiq şöbə müdiri vəfat edib

24.10.2015 12:42     Sosreaksiya     2156

Prezident Administrasiyasının Dövlət Nəzarəti şöbəsinin sabiq müdiri, "Şöhrət" ordenli Salman Cəfərov vəfat edib.

Reaksiya.az  trend-ə istinadən xəbər verir ki, S.Cəfərov 2006-cı aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib.

S.Cəfərov 1925-ci il dekabr ayının 31-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 1942-1944-cü illərdə Cəlilabad rayonunda “Bakı fəhləsi” kolxozunda hesabdar, kənd sovetinin katibi və hərbi stolun rəisi, 1944-1947-ci illərdə “Azərneftkəşfiyyat” Trestinin rayondakı qazma kontorunda mühəndis və iqtisadçı işləyib.

O, 1948-1949-cu illərdə Azərbaycan Respublikası Nazirlər Sovetində referent-məsləhətçi, 1949-1952-ci illərdə isə Kənd Təsərrüfatı Nazirliyində inspektor və mühəndis-iqtisadçı vəzifələrini tutub.

1953-1956-cı illərdə Moskva Həmkarlar Hərəkatı Ali Məktəbində təhsil alan Salman Cəfərov burada istehsalın və əməyin təşkili ixtisası üzrə tam kursu başa vurduqdan sonra 1956-1963-cü illərdə Dövlət Plan Komitəsində iqtisadçı, baş iqtisadçı və şöbə rəisi vəzifələrində çalışıb. 1963-cü ildən Partiya-Dövlət Nəzarəti Komitəsində şöbə müdiri, komitə sədrinin müavini və birinci müavini işləyib. 1989-1995-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun İqtisadi İslahatlar Mərkəzində müfəttiş və böyük iqtisadçı vəzifələrində çalışıb. 1995-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının dövlət nəzarəti şöbəsinin müdiri olub.

Salman Cəfərov respublikanın ictimai həyatında fəal iştirak etmiş, Bakı Şəhər Sovetinin və bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib.

Allah rəhmət eləsin!

Şərhlər