"Bu gün BMT yarıtmaz bir qurumdur" - Zahid Oruc
24.10.2015 14:12 Sosreaksiya 1875
1945-ci il iyunun 26-da yaranan Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 24-də qeydiyyata alınıb.
BMT-nin yaradılmasında məqsəd İkinci dünya müharibəsindən sonra beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi olub.
Təşkilat özünü “ədalət və təhlükəsizliyi, iqtisadi inkişaf və sosial bərabərliyi bütün ölkələrdə təmin etməyi məqsəd qoymuş qlobal bir təşkilat” kimi təsvir edir.
BMT-nin hazırki fəaliyyəti, yarandığı gündən qarşısına qoyduğu məqsədləri necə icra etdiyi ilə bağlı politoloq Zahid Oruc Reaksiya.az-a açıqlama verib.
O, 1945-ci ildə BMT-nin yaranmasını zəruri edən amillərdən danışıb: “BMT-nin yaranması ondan öncəki varislik ənənəsinə söykənirdi. Məlum liqanın işindən sonra Birinci və İkinci Dünya Müharibələri sanki yeni bir qurumların beynəlxalq təhlükəsizlik sturukturlarını formalaşmasını zəruri edirdi. Və İkinci Dünya Müharibəsindən sonra dünyada yeni bir şəraitin bərqərar olunması istiqamətində addımlar atılmaqda idi, çünki faşist Almaniyasının dünyaya, bir çox ölkələrə işğalçılıq siyasətini həyata keçirtmək fonunda sonda məğlub duruma düşməsi, Sovetlər Birliyinin həmin ölkəni 2 yerə bölməsi, qərb dairələrinin də cavab reaksiyasını bəlli şəkildə verməsi gələcək Soyuq Müharibə üçün əsaslar yaradırdı. Bu zaman müxtəlif dövlətlərin rəhbərləri BMT-nin yaradılması ideyasını irəli sürdülər”.
Politoloq BMT-nin yarandığı dövrdəki proseslərə müsbət mənada təsirinin olduğunu vurğulasa da qurumun fəaliyyətinin ümumilikdə qənaətbəxş olmadığını deyib: “BMT 1945-ci ildən sonrakı dövrdə müəyyən mənada müxtəlif konfliktlərin tənzimlənməsi üçün mandat verməklə, müxtəlif strukturlar yaratmaqla, ayrı-ayrı ölkələr arasında danışıqları təşkil etməklə, eyni zamanda öz trubunasını bu müzakirələrə açmaqla bu proseslərə xeyli təsir göstərmiş oldu. Məsələn, ərəb dünyasında hər zaman davam edən Fələstin məsələsi BMT-nin daimi mövzularından biri olub. Amma etiraf etmək lazımdır ki, bu qurumun kürəyinin arxasında minlərlə icra olunmamış sənədlər də var və sanki BMT həm də öz qəbul etdiyi qərarları icra etməyən bir struktur kimi də dünyada tanınır”.
O, həmçinin BMT və ABŞ münasibətlərinin hazırda hansı müstəvidə olduğunu da qeyd edib: “BMT bugün həm də Birləşmiş Ştatların nəzdində güclü bir silaha çevrilir. Əfqanıstan, İraq və digər ölkələrdə BMT-nin qərarı olmadan hərbi əməliyyatlar aparan Birləşmiş Ştatlar öz intervensiyalarına BMT-nin şərik olmasını, onun hüquqiləşdirməsini təmin eləməklə məşğul olur. Digər tərəfdən bunu da açıq demək lazımdır ki, BMT tribunası sanki güclü dövlətlərin tribunasıdır. Yəni orada əsas hədəflər, məsələn elə son illərin praktikasını götürsək, müxtəlif liderlərin qarşılıqlı ittihamları, biri digərinə əzələ nümayişi, informativ silaha və s. çevrilir. BMT məhz bu səbəblərdən, həm də onun Təhlükəsizlik Şurasının formatına görə, qərar qəbuletmə mexanizmlərinin bəlli bir vəziyyəti səbəbindən real olaraq keçidlərə təsir göstərə bilmir”.
Politoloq sadaladığı səbəblərdən BMT-nin Dağlıq Qarabağ probleminin həll edilməsində effektiv rol oynaya bilmədiyini söyləyib: “Azərbaycan kimi ölkələr Qarabağ məsələsində BMT vasitəsilə həlledici addımların atılmasının şahidi olmur. Ermənistan sanksiyalara məruz qalmır, BMT gəlib ortada real vasitəçilik missiyasını gerçəkləşdirə bilmir. Çörçilin sözü ilə desək, demokratiya çox pis idarəetmə vasitəsidir, lakin hələ bəşəriyyət bundan yaxşısını kəşf etməyib. Bu sözü BMT haqqında da demək olar. Bu gün BMT yarıtmaz bir qurumdur. BMT dünyanın bütün dövlətlərini öz çətiri altına yığsa da, real olaraq beynəlxalq sülhü, təhlükəsizliyi, əməkdaşlığı tam təmin edə bilmir”.
Qeyd edək ki, hazırda təşkilata 193 ölkə üzvdür.
Şərhlər