Bakı müəllimlərinin biliyi yoxlanılacaq
26.10.2015 12:52 Sosreaksiya 1987
Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən, həmçinin nazirliyin cari ildə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi oktyabrın 29, 30 və 31-də keçiriləcək.
Reaksiya.az trend-ə istinadən xəbər verir ki, Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar. Ümumilikdə, imtahana cəlb edilməsi planlaşdırılan kontingentin sayı 2500-ə yaxındır.
Indiyədək Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30000 nəfər müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Nəticədə orta hesabla əməkhaqqı 35 faiz artıb, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.
Nazirlikdən qeyd edilib ki, bu ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. 2016-cı ilin yanvarından isə həmin müəllimlərin əməkhaqlarının artırılması planlaşdırılır. Bununla da 1 il ərzində ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaqdır.
Şərhlər