Azay Quliyev parlament jurnalistləri ilə görüşdü - FOTOLAR
26.10.2015 14:50 Sosreaksiya 2154
Milli Məclisdə akkreditasiya olunmuş bir qrup media təmsilçisi millət vəkili, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahında olublar.
Reaksiya.az xəbər verir ki, qərargahda iş prosesi ilə tanışlıqdan sonra keçirilən görüşdə iştirak edən jurnalistlər adından çıxış edən Elşad Eyvazlı 1 noyabr parlament seçkiləri ilə bağlı əksər namizədlərin təbliğat-təşviqat kampaniyasını yaxından izlədiklərini bildirib.
O, qeyd edib ki, Azay Quliyevin 10 illik deputat fəaliyyəti, onun namizəd kimi apardığı kampaniyaya ən gözəl dəstəkdir:
“Biz parlament jurnalistləri olaraq hər ilin sonunda müxtəlif nominasiyalar üzrə “İlin deputatı”nı müəyyən edirik. Ötən 10 ildə Azay Quliyev demək olar ki, hər il müxtəlif nominasiyalarda “İlin deputatı” seçilib. Bu il isə dördüncü çağırış Milli Məclisin fəaliyyətinin sona çatması ilə bağlı 50 parlament jurnalisti arasında keçirdiyimiz sorğuda, Azay Quliyev yenə də “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyası üzrə “Beş ilin deputatı” seçildi. Bu baxımdan, hesab etmək olar ki, Binəqədi seçiciləri səs verərkən, heç də çətin seçim qarşısında qalmayacaqlar”.
Seçki qərargahını ziyarət etdikləri üçün jurnalistlərə təşəkkürünü çatdıran Azay Quliyev, həm deputat, həm də ictimai sektordakı fəaliyyətində hər zaman media təmsilçiləri ilə sıx əlaqədə çalışdığını bildirib.
Qeyd edib ki, hazırkı seçki kampaniyasının geniş işıqlandırılmasında da, əksər media qurumları təmənnasız şəkildə öz dəstəklərini göstərir.
Azay Quliyev gündəmdə olan bir sıra məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Sonda jurnalistlər Azay Quliyevlə xatirə şəkili çəkdiriblər və ona seçkidə uğurlar arzulayıblar.
Şərhlər