Hakerlər dövlət saytlarını dağıda bilərmi? - Ekspert rəyi
26.10.2015 15:36 Sosreaksiya 2358
Xəbər verildiyi kimi, bu gün Bolqarıstanda parlament seçkiləri keçirilir. Hakerlər Bolqarıstan Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər və Xarici İşlər Nazirliklərinin internet saytlarını dağıdıb.
Azərbaycan da noyabrın 1-də baş tutacaq parlament seçkilərinə hazırlaşır.
Maraqlıdır ki, Mərkəzi Seçki Komissiyasının internet səhifəsinin təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görülür. Ümumiyyətlə, informasiya müharibəsinin yaşandığı bir dövrdə MSK kimi dövlət qurumlarının internet səhifələri necə qorunur?
Bu barədə Reaksiya.az-a İKT mütəxəssisi Osman Gündüz açıqlama verib.
O, təhlükələrin qarşısını almaq üçün müxtəlif qabaqlayıcı tədbirlərin görüldüyünü bildirib: “Artıq bir neçə ildir ki, Azərbaycanda bütün dövlət qurumlarının resurslarını qorumaq üçün xüsusi dövlət qurumu ayrılıb. Xüsusilə, Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi adlanan qurum Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində fəaliyyət göstərir. Dövlət Agentliyi son dövrlərdə “gov.az” domeni ilə olan bütün dövlət orqanlarının təhlükəsizliyi ilə bağlı müəyyən addımlar atıb. Onlar hamısı faktiki olaraq Azərbaycan ərazisində olan serverdə yerləşir. Bu saytların hamısı monitorinq olunur, təhlükəsizlik məsələləri araşdırılır”.
O. Gündüz dövlət orqanlarının internet səhifələrinin təhlükəsizliyini əvvəlki illərlə də müqayisə edib:
“Hazırda dövlət orqanlarının saytlarının dağıdılmasını daha az müşahidə edirik. Bu əvvəllər daha çox idi, indi bu istiqamətdə işlər xeyli aparılaraq azaldılıb. Artıq seçkilərə az qaldığına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də bu istiqamətdə arayışlar, bəyanatlar, açıqlamalar verilib. Aidiyyatı dövlət qurumları, nazirlik və MSK-nın texnoloji departamenti bu məsələlərə diqqəti daha da artırıb. Ümüd edirik ki, hansısa qeyri-adi hadisə ilə rastlaşmayacağıq”.
Şərhlər