Qənirə Paşayeva Tovuzun 5 kəndini gəzərək sakinlərlə görüşdü - FOTOLAR

26.10.2015 15:53     Sosreaksiya     2215

Millət vəkilliyinə namizəd Qənirə Paşayeva Tovuzun 5 kəndini gəzərək sakinlərlə görüşüb, onların müraciətlərini  dinləyib  və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.

Reaksiya.az xəbər verir ki, sakinlərin ən çox müraciətləri arasında iş tapmağa köməklik göstərilməsi, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.

Qənirə Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.  O, fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial  Müdafiəsi  Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz  həllini tapması üçün müzakirələr aparıb.  

Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və Qənirə Paşayeva bununla bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə apararaq  qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib. Müraciətlər arasında boşanma zamanı məhkəmə tərəfindən təyin olunmuş alimenti ala bilməyən qadınların sayının artması millət vəkilini ciddi narahat edib və o bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və övladları ilə çətin vəziyyətdə qalmış anaların hüquqlarının müdafiqəsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyib. Bir sıra 1 və 2-ci qrup əlillər reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla danışan Qənirə Paşayeva dəstək göstərilməsini xahiş edib. 

Bir sıra vətəndaşlar evlərinə təbii  qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilliyinə namizəddən onları müvafiq   qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər.

Qənirə Paşayeva “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər  Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi ilə bağlı  müraciət edib.  Bundan başqa  təhsil, elektrik və su təminatı  sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, Qənirə Paşayeva onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb.  O, sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib.

Qənirə Paşayeva son illlərdə Prezident İlham Əlievin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərək, ölkəmiz daha da inkişaf edib, imkanları artdıqca həllini gözləyən bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib. 

O, 5 kəndi ziyarət zamanı bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb. 

Şərhlər