Bahar Muradova Alıxanlı kəndində seçiciləri ilə görüşdü - FOTOLAR
26.10.2015 17:08 Sosreaksiya 2361
84 saylı Füzuli seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın İdarə Heyətinin üzvü Bahar Muradovanın Füzuli rayonunun Alıxanlı kəndində seçiciləri ilə görüşü keçirilib. Alıxanlı kənd orta məktəbində baş tutan görüşdə 150-dən çox kənd sakini iştirak edib.
Deputatlığa namizəd Bahar Muradova bu dəfəki görüşə də hər dəfəki ənənəsinə sadiq qalaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra namizədin vəkilləri elmlər doktoru, professor Rəna Mirzəzadə və elmlər doktoru, professor, sabiq millət vəkili Məmməd Məmmədov çıxış ediblər. Onlar Bahar Muradovanın Milli Məclisdəki fəaliyyəti dövründə gördüyü əhəmiyyətli işlər haqqında görüş iştirakçılarına geniş məlumat çatdırıblar. Vəkillər, həmçinin sakinləri seçkidə fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıblar. Hər iki vəkil bildirib ki, bununla onlar Heydər Əliyev yolunu birlikdə addımlamaqda töhfə vermiş olacaqlar.
Daha sonra deputatlığa namizəd Bahar Muradova özü seçiciləri qarşısında geniş nitq söyləyib. O, ilk əvvəl görüşə gələn hər bir sakinə təşəkkürünü bildirib və hər kəsi Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib. Bahar Muradova YAP-ın namizədinə veriləcək hər bir səsin Azərbaycanın inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Əminəm ki, siz YAP-ın yeni hədəflərə doğru addımlayan namizədlərini dəstəkləyərək gələcək uğurlarımıza töhfə vermiş olacaqsınız. Hər birinizin səsi Azərbaycanın inkişafına dəstəkdir”.
Bahar Muradova sakinlərə əminliklə bildirib ki, ölkə başçımızın apardığı düzgün siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsi də tezliklə Azərbaycan xalqının mənafeyinə uyğun şəkildə həll ediləcək.
“Hər birimizi birləşdirən tək mövqe vətəndaşlıq mövqeyidir. Hər birinizi Ulu öndərimiz Heydər Əliyevin yolu və izi ilə addımlamağa səsləyirəm” – deyən Bahar Muradovanın fikirləri ilə seçicilər yekdilliklə razılaşıblar.
Görüşdə kənd sakinlərindən Kərəm Alıyev, Pənah Hüseynov, Mətləb Quliyev, şəhid atası Vəliyad İsmayılov çıxış edərək ilk öncə bu görüş üçün Bahar Muradovaya təşəkkür ediblər. Daha sonra onlar rayonda məcburi köçkünlərin sosial məsələlərinin həll olunmasında göstərdiyi dəstək və qayğıya görə Bahar xanıma təşəkkürlərini bildirib. Çıxış edənlər həmkəndlilərini onları parlamentdə layiqincə təmsil edən, haqq səslərini dünyaya çatdırılmasında əvəzsiz xidmətlərini əsirgəməyən Bahar Muradovaya səs verməyə çağırıblar.
Sonda hər kəs Bahar Muradovaya qarşıdakı seçkidə uğurlar arzulayıb. Deputatlığa namizəd Bahar Muradova da öz növbəsində seçicilərinin ona göstərdiyi isti münasibətə, səmimiyyətə görə təşəkkür edib.
Görüşdən sonra Bahar Muradova kənd sakinlərinin hər birinin ayrı-ayrılıqda qayğı və problemləri ilə maraqlanıb, səslənən problemlərlə bağlı elə yerindəcə tədbirlər görüb. Aidiyyati qurumlarla əlaqə saxlayaraq məsələləri onların diqqətinə çatdırıb.
Şərhlər