Sahibkarlar İlham Əliyevə müraciət etdi

27.10.2015 12:51     Sosreaksiya     1820

"Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar" konfransında iştirak edən sahibkarlar Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə aparılan genişmiqyaslı işlərin nəticəsidir ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir.

Qeyri-neft sektorunun inkişafında Sizin müəyyənləşdirdiyiniz kimi, aparıcı qüvvə məhz sahibkarlıqdır. Bu strateji xəttinizə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür.

Biz sahibkarlar gündəlik fəaliyyətimizdə Sizin böyük diqqət və qayğınızı hiss edir, Sizə arxalanırıq. Son günlərdə imzaladığınız sənədlər, qəbul etdiyiniz qərarlar bunu bir daha təsdiq edir.

Sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi məqsədi ilə özəl sektorun inkişafında köklü dəyişikliklərə aparan və təşəbbüsünüzlə Milli Məclisdə qəbul olunan Qanunu, imzaladığınız fərmanları sahibkarlığın inkişafı üçün atılan inqilabi addımlar kimi qiymətləndiririk.

Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlarınız nəinki sahibkarlar, eləcə də bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır, bizi daha fəal işləməyə həvəsləndirir.

Möhtərəm cənab Prezident!

Biz, “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” konfransının iştirakçıları Sizi əmin edirik ki,  sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, bütün qüvvə və bacarığımızı müəyyən etdiyiniz hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, Vətənimizin daha qüdrətli dövlətə çevrilməsinə səfərbər edəcəyik".

 

Şərhlər