MSK-da rusiyalı jurnalistlərlə görüş keçirilib

28.10.2015 01:12     Sosreaksiya     1494

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 27-də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, Məzahir Pənahov bildirib ki, Azərbaycanda seçkilər hər zaman istər yerli, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir: “Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün şərtlər mövcuddur. Yerli və beynəlxalq müşahidəçilərin, həm yerli, həm də xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Elə bunun nəticəsidir ki, cari ildə Milli Məclisə keçiriləcək seçkiləri 40-a yaxın beynəlxalq təşkilatdan 500-ə qədər beynəlxalq müşahidəçi, çoxsaylı siyasi partiyaları, siyasi partiyalar blokunu, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və qeydə alınmış namizədləri təmsil edən, həmçinin fərdi qaydada seçkilərin izlənməsinə qoşulmuş 63000-dən çox yerli müşahidəçi izləyəcək. Seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər müsbət qarşılanıb və 4 təşkilat qeydə alınıb ki, onların da 2-si öz işlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə həyata keçirəcək. Qeyd edilənlərlə yanaşı, şəffaflığın təmin olunmasında digər vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə etməklə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu isə dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə etməyə imkan yaradır. MSK başda olmaqla bütün seçki komissiyaları Milli Məclisə seçkilərin azad və ədalətli keçirilməsi üçün hazırdır. Seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə səsvermə məntəqələrinə gələrək öz iradələrini ifadə edə bilərlər”.

MSK sədri M.Pənahov, həmçinin Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş genişmiqyaslı layihələr barədə xarici jurnalistlərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Xarici jurnalistlər Milli Məclisə seçkilər ərəfəsində Komissiyanın fəaliyyəti və müxtəlif layihələrlə bağlı həyata keçirilən son tamamlama işləri ilə də yaxından tanış olublar.  

Şərhlər