Bakıdakı dəhşətli qəzadan 20 il keçir

28.10.2015 05:36     Sosreaksiya     1720

1995-ci il 28 oktyabr tarixində "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb. 

Reaksiya.az-ın məlumatına görə tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxaraq qaçmağa başlayıblar. 

Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilmişdi; qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olunmuşdu. Bu qəza "Ginnesin rekordlar kitabı" redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və "birincilik" Azərbaycana keçdi. 

Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər genişmiqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşüb. O dövürdə baş nazirin müavini Abbas Abbasov mətbuata açıqlamasında qəzanın sırf texniki səbəbdən – avadanlığın köhnəlməsi ucbatından baş verdiyini bildirmişdi: "Bakı metrosunda bəzi vaqonlar elə bərbad gündədir ki, adam hətta oturmağa qorxur."

Şərhlər