Bill Qeyts kimi varlı olmaq üçün oxumaq lazımdırmı? - Sorğu
28.10.2015 12:33 Sosreaksiya 2450
Bu gün dünyanın ən məşhur və varlı insanlarından biri, Microsoftun yaradıcısı Bill Qeytsin anadan olduğu gündür. O, 1955-ci il oktyabr ayının 28-də Vaşinqtonda dünyaya gəlib.
2010-cu ildən dünyanın ən varlı adamlarının siyahısında ön sıralarda duran Bill Qeyts 1975-ci ildə təhsil aldığı Harvard Universitetindən ayrılıb uşaqlıq dostu Pol Allen ilə Microsoftu yaratmağa başlayıb.
Qeytsin ali təhsil almadan belə uğurlar əldə etməsi indi oxumağa, ali təhsilə yiyələnməyə tənbəllik edənlərin əlində bəhanəyə çevrilib sanki. Və elə bir acınacaqlı hal yaranıb ki, belə düşünənlərin sayı zaman geçdikcə azalmaqdansa, daha da artır. Ancaq onlar bir məqamı unudurlar ki, Bill Qeyts güclü zəkaya malik olub və Harvard Universitetinə daxil olmağı bacarıb. Elə onun kariyerasında da məhz Harvard Universiteti böyük rol oynayıb. Üstündən 32 il keçsə belə 2007-ci ilin iyununda Qeyts Harvardın diplomunu alıb. Dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvardın rəhbərliyi 1975-ci ildə öz istəyi ilə təhsilini yarımçıq qoyan Bill Qeytsə göstərdiyi xidmətlərə görə diplom verib.
Buradan açıq görünür ki, təhsilini yarımçıq qoyması Microsoftun yaradıcısına 32 ilə dünyanın ən böyük şirkətini yaratmağa və planetin ən varlı adamlarının siyahısında liderlik etməyə maneçilik törətməyib. Ancaq bu, o demək deyil ki, Bill Qeyts savadsız insan olub.
Reaksiya.az “Dünyanın ən varlı adamlarından biri Bill Qeytsin ali təhsili olmayıb. Və indi bəzi uşaqlar da məhz bunu bəhanə edərək dərsə ürəklə yanaşmırlar. Uşaqlarımız haqlıdırlarmı? Sizcə necə ola bilər ki, heç bir ali təhsili olmayan insan bu qədər uğur qazansın?” sualları ətrafında sosial şəbəkədə sorğu keçirib.
Sorğuda aktivlik göstərən sosial şəbəkə istifadəçilərinin mövzuya yanaşmaları, cavabları birmənalı olub. Sorğuya münasibət bildirənlərin əksəriyyəti demək olar ki, ali təhsillə yanaşı çox yüksək bacarığın olmasını mütləq hesab ediblər.
Gündüz Bəxtiyarov: “Təhsili davam etdirməsi üçün şərait olmayıb, ağıllı və əzmli olduğu üçün uğur qazanıb. Hər uşağın Bill Qeytsin oxumamasını bəhanə etməsi isə tamamilə yanlışdır”.
Cilənay Hüseynova: “Molla Nəsrəddinin “kitab yüklü eşşək” misalı elə yerində işlənib. Təhsillə bərabər insanın baxış bucağı, məntiqi də vacibdir. Yəni ki, dəfələrlə məktəbi və ali təhsil ocağını uğurla başa vurmuş insanın ağı qaradan seçə bilməməsi, məntiqsiz yanaşmalarına şahid olmuşam. Məncə təhsillə bərabər bacarıqlı, düşüncəli olmaq da şərtdir”.
Pərviz Hali: “Əsas bacarıqlı olmaqdır, istər diplomun olsun, istər olmasın”.
Rəşid Həsən Mustafazadə: “Təhsilin harada alındığı önəmli deyil. İradən və marağın kifayət edirsə, evdə oturaraq kitablar oxuyaraq belə istənilən sahəni öyrənə bilərsən. Ancaq bu cür istedadlı insanlar nadir halda olduğu üçün universitetlərə ehtiyac var. Universitet universal biliklər verməklə yanaşı, həm də nizam-intizam vərdişlərini tərbiyyə edir”.
Cəmil Tağıyev: “Biz sadəcə hər şeyi öz maraqlarımıza uyğun görürük. Bill Qeyts oxumurdu, amma internet klublara, playstationlarla oynamaq, çatlarda yazışmaq üçün yox, kompüterləri öyrənmək üçün, söküb detallarını incələmək üçün gedirdi. Özünü inkişaf edib böyük Microsoft imperiyası yaratdı. Bunları kiminsə yaratmasını gözləmədi, özü yaratdı. Təhsil də insanın özünü inkişaf etdirilməsi üçün vasitədir. Təhsil almaq o demək deyil ki, sənə iş verəcəklər, yeri gələndə o işi sənin özün yarada bilərsən. Necə ki, Qeyts yaratdı və ən yaxşı oxuyan tələbə yoldaşlarını yanında mütəxəssis kimi işə qəbul etdi”.
Şuşa qalası: “Məqsədin varsa, uğura çatacaqsan! Bill Qeytsin o yüksək mərtəbəyə bu tezliklə çatması isə ilahi bir “MÜKAFATDIR!".
Şərhlər