8 kəndə ilk dəfə təbii qaz verildi

29.10.2015 02:08     Sosreaksiya     1575

Bu gün Cəlilabad, Bərdə və Neftçala rayonlarının 8 kəndinə ilk dəfə təbii qaz verilib.

Reaksiya.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad rayonunda keçirilmiş tədbirdə qeyd olunub ki, 120 abonentlik Astanlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 452 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bərdə rayonunun Xanağalı və Hüseynallar kəndləri də ilk dəfə olaraq qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 261 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 14 899 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün neftçalalılar üçün də əlamətdar olub. Belə ki, rayonun 5 kəndinə ilk dəfə olaraq “mavi yanacaq” verilib. Bununla əlaqədar keçirilmiş mərasimlərdə vurğulanıb ki, ümumilikdə 521 abonenti olan Abasalılı, Ramazanlı, Tatarməhlə, Qazaxbərəsi və Xanməmmədli kəndlərinin qazlaşdırılması məqsədilə 51 873 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 521 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 

Şərhlər