“Sovetski”nin 200 sakininə Nərimanovda yeni mənzillər veriləcək

19.06.2015 12:11     Sosreaksiya     1701

Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2013-cü il tarixli 501 saylı sərəncamına müvafiq olaraq Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazisində şəhərin Baş Planına uyğun olaraq aparılacaq yenidənqurma və abadlıq tədbirlərinin həyata keçirilməsi məqsədilə mənzillərin və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçü işləri və köçürülməsi tədbirləri davam etdirilir.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış İşçi Komissiyanın sədri Səməd İslamovun APA-ya verdiyi məlumata görə, bu, Azərbaycan prezidentinin təşəbbüsü ilə şəhərin mərkəzində 10 illər boyu qəzalı, yarı uçuq mənzillərdə yaşayan 50 minə yaxın insanın mənzil şəraitini yaxşılaşdırılmasına yönəlmiş böyük həcmli layihədir.

S.İslamov bildirib ki, birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər ərazi tam köçürülüb və ərazisi boşaldılıb, paytaxt və əhali üçün çox əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılıb”.

S.İslamov nəzərə çatdırıb ki, Nazirlər Kabinetinin 9 iyun 2015-ci tarixli sərəncamına müvafiq olaraq Nərimanov rayonunda 2 binada yerləşən, ümumilikdə 200 ədəd, hər birinin ümumi sahəsi 45 kvadratmetr olan 2 otaqlı mənzillər "Sovetski"də mənzil sahəsi 25 kvadratmetrdən az olan mənzil sahiblərinin ixtiyarına veriləcək: “Bu, ölkə rəhbərliyi tərəfindən illərlə çətin şəraitdə yaşayan 200 ailəyə göstərilən növbəti diqqət və qayğıdır. Bir daha qeyd edirəm ki, bu məsələdə çox ciddi araşdırmalar aparılıb. Bu o demək deyil ki, kiminsə qeyd edilən ərazidə azkvadratlı mənzili var, lakin bununla yanaşı, digər yaşayış sahəsi olduğu halda, onlar bu mənzillərə iddia edə bilərlər. Komissiya üzvləri dəfələrlə bu ünvanlarda olub, sənədlər araşdırılıb, son dərəcədə imkansız, az sahəli mənzil şəraitində acınacaqlı vəziyyətdə yaşayan, çoxsaylı ailə üzvlərinin digər yaşayış yeri olmayan mənzil sahibləri  məhz yeni mənzillərlə təmin olunacaqlar. Nazirlər Kabinetinin bu sərəncamında mənzillərin əvəzləşdirilməsi, yeni mənzillərə mülkiyyət sənədlərinin verilməsi üçün müvafiq tapşırıqlar verilib. Mənzillərin bölüşdürülməsi püşkatma yolu ilə həyata keçiriləcək. Bir çox çoxuşaqlı ailəyə isə veriləcək mənzilə tikinti şirkəti tərəfindən tam mebel dəsti və avadanlıqlar hədiyyə ediləcək”.

Şərhlər

Çox oxunanlar