Bakı bulvarında buz meydançası quraşdırılacaqmı?

30.10.2015 09:45     Sosreaksiya     1809

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi qış aylarında bulvarda buz meydançasının fəaliyyət göstərməsi ilə bağlı sakinlərin gözləntilərinə cavab verib.

Reaksiya.az-ın məlumatına görə, idarənin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, Bakı bulvarında bir neçə il əvvəl quraşdırılan açıq buz meydançası özünü doğrultmadı.

O qeyd edib ki, həmin meydança açıq tipli olduğundan onun fəaliyyəti üçün havanın temperaturu müsbət 10 dərəcədən yuxarı olmamalı idi: “Bakıda isə müsbət 10-dan aşağı temperatur 3-5, ən uzağı 10 gün ərzində olur. Ona görə də ərazinin böyük bir hissəsində həmin meydançanı quraşdırmaq həm iqtisadi cəhətdən səmərə vermirdi, həm də havalar isti keçdiyindən və meydançanın üstü açıq olduğundan buz əriyirdi. Bakı iqliminə münasib olmadığı üçün həmin meydança artıq yığışdırılıb”.

N.Məcidov bildirib ki, qapalı buz meydançasının quraşdırılması isə hələ nəzərdə tutulmayıb: “Hərçənd, şəhər sakinləri bunu istəyirlər, amma yaxın zamanlarda bulvar ərazisində belə bir meydançanın yaradılması nəzərdə tutulmayıb. Ona görə də sakinlər bu qış buz meydançası gözləməsinlər”.

O əlavə edib ki, artıq havalar soyumağa başladığından soyuğa davamsız ağacların qorunması üçün onların üstünün örtülməsinə başlanıb: “Elə ağaclar var ki, onları üstünü örtmək üçün şüşəli ev tikilir. Həmin ağacları qışda da görəbiləcəyik, amma şüşə arxasından”.

N.Məcidov deyib ki, I Avropa Oyunları ilə əlaqədar bulvarda insanların ən çox istifadə etdiyi 8 növ telefonun batareyalarını enerji ilə pulsuz doldurmaq məqsədilə quraşdırılan iki qurğu artıq ərazidən götürülüb: “Soyuq havalarda şəhər əhalisi bulvara az gəlir. Tələbat olmadığından həmin qurğular götürülb. Amma yay mövsümündə onlar yenidən quraşdırıla bilər”.

Şərhlər