Allahşükür Paşazadə patriarx Kirill ilə görüşdü

30.10.2015 15:10     Sosreaksiya     1911

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill ilə görüşüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Patriarx Kirill Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib:

“Heç bir xarici təsir Azərbaycan və Rusiya xalqlarının xoş münasibətlərini poza bilməz. Bu işdə Qafqazın dini lideri kimi sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Siz daim düşünülmüş mövqeyinizlə həm pravoslav xristianlara, həm də müsəlmanlara problemlərinin həllində yardımçı olursunuz. Əminəm ki, budəfəki görüş də xalqlarımız və dindarlarımız üçün faydalı olacaq”.

Patriarx xüsusi qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr Rusiyanın din xadimlərini çox ciddi narahat edir. Beynəlxalq terrorçuluqla mübarizə sayəsində müsəlman və xristianların səylərini birləşdirəcəyinə ümid etdiyini vurğulayan patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin sülh yolu il həll olunmasında din xadimlərinin rolunu vurğulayıb:

“Sizin bu istiqamətdə sülhməramlı fəaliyyətinizi yüksək qiymətə layiqdir və bu işdə sizi hərtərəfli dəstəkləməyə hazıram”. 

A. Paşazadə isə qeyd edib ki, böyük rus xalqının nüfuzlu din xadimlərinin məsləhətlərinə daim ehtiyac var. Şeyxülislam Azərbaycan və Rusiya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində pravoslav dünyasının nüfuzlu şəxsiyyətlərindən olan patriarx Kirillin vasitəçilik missiyasına böyük ümid bəslədiyini söyləyib. Yaxın Şərqdə, xüsusilə də Azərbaycanın sərhədlərinə yaxın ölkələrdə, İraq və Əfqanıstanda terror təhlükəsinin yüksək olduğunu qeyd edən QMİ sədri bu ölkələrdən Avropaya üz tutan milyonlarla qaçqın və köçkünün taleyindən narahatlıq ifadə edib. A. Paşazadə Azərbaycanın da Qarabağ problemi, bir milyondan artıq qaçqın və köçkünü olduğunu, buna dünya ictimaiyyətinin biganə qaldığını vurğulayıb:

“Siz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edən başlıca şəxslərdən birisiniz. Buna görə Azərbaycan xalqı adından sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, sizin də səyləriniz nəticəsində həm Yaxın Şərqdəki problemlər, həm də Dağlıq Qarabağ problemi tezliklə öz həllini tapacaq. Ümid edirik ki, xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizama salınacaq. Mən bu münaqişənin həllində şəxsən sizin rolunuza ümid bəsləyirəm. Mən həmişə sizin yanınızdayam”.   

Şərhlər