Azay Quliyev seçki kampaniyasına yekun vurdu
30.10.2015 17:11 Sosreaksiya 1955
8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün seçki kampaniyasına qərargah üzvləri və fəalları ilə keçirdiyi geniş toplantı ilə yekun vurub.
Reaksiya.az xəbər verir ki, tədbiri açan seçki qərargahının rəhbəri Asif Əsgərli 9 oktyabrdan indiyədək aparılan təbliğat-təşviqat kampaniyasının gedişatı haqqında ətraflı danışıb. Eyni zamanda seçki günü müşahidəçilər və fəalların fəaliyyəti, ərazidəki qərargahların iş rejimi haqqında təlimatlarla iştirakçıları tanış edib.
Seçki qərargahının hüquqşünası Hafiz Həsənov seçki günü müşahidəçilərin məntəqələrdə davranışı, hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəalar barədə məlumat verib.
Deputatlığa namizəd A.Quliyev çıxışında seçki qərargahının işindən razılığını bildirərək, vəkillərə, qərargah üzvləri və fəallarına təşəkkürünü çatdırıb:
“Qeyd etmək istəyirəm ki, biz təbliğat-təşviqat kampaniyası üçün ayrılmış müddətdən maksimum istifadə edə bildik. 9 oktyabrdan başlayaraq intensiv görüş və tədbirlər təşkil etməklə demək olar ki, seçki dairəsinin bütün seçicilərini əhatə etdik. Seçiciləri maraqlandıran, narahat edən məsələləri diqqətlə dinlədik, qeydə aldıq və onların həlli istiqamətində atacağımız addımlar barədə məlumat verdik. İndi söz seçicinindir”.
A.Quliyev keçirilən bütün görüşlərdə seçicilərin sevgisi, inam və etimadı ilə qarşılaşdığını vurğulayıb:
“Seçicilərin bu dəstəyi bizim noyabrın 1-də əldə edəcəyimiz parlaq qələbənin əsasını təşkil edəcək. Göstəriləcək etimad və inam mənim üçün həm də böyük bir məsuliyyətdir. Mən bu məsuliyyəti bütün ağırlığı ilə qəbul etməyə və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazıram”.
Çıxışının sonunda A.Quliyev qərargah üzvlərini seçki günü qanunlara ciddi əməl etməyə çağırıb və onlara bu şərəfli işdə uğurlar arzulayıb.
Şərhlər