Adlar qadağan olunsunmu?
30.10.2015 17:56 Sosreaksiya 3025
Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova son 1 ayda “ASAN Xidmət” mərkəzlərindən uşaqlara qoyulan, gülüş doğuran adlarla bağlı 20-ə yaxın müraciət edildiyi barədə açıqlama verib.
O, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının “İngilis”, “Frunze”, “Nyuton”, “Qaliley” kimi adların qoyulmasını qadağan etdiyini deyib.
Psixoloq Vəfa Rəşidova uşaqlara uşaqlara bu tipli, ümumiyyətlə fərqli adların qoyulmasının onların psixologiyasına hansı təsirləri olacağı barədə Reaksiya.az-a açıqlama verib.
O, belə adların insan psixologiyasına mənfi təsirlərinin olduğunu qeyd edib: “Adlar uşaqların, ümumiyyətlə şəxsiyyətin psixologiyasına çox dərin təsir göstərir. Çünki insanın adı onun haqqında ilkin fikir yaradır. Və əgər şəxsiyyət öz adında rahat deyilsə, o zaman ilkin verilən reaksiya və ya adının təkrar soruşulması insanın özünə inamını aşağı salır. İnsan daima özünü kompleksli hiss edir. İnsanın adı cəmiyyətdə özünü təstiq etməsinə maneəçilik törədə bilər. Hətta özünü sevilməyən şəxsiyyət kimi hiss edtməsinə gətirib çıxardar”.
Sosiaoloq Lalə Mehralı isə uşaqlara daha çox hansı adların qoyulması, qohumların ad seçimində etdiyi təzyiqlərlə bağlı fikirlərini böülüşüb.
O, uşaqlara Azərbaycan dilində anlamı olan, milli kökləri bağlı və ən çox da təkrarlanmayan adların qoyulmasının vacibliyi vurğulayıb: “Uşağa elə ad vermək lazımdı ki, öz dilimizdə anlamı olsun, milli kökü olsun və ən çox da təkrarlanmasın. İki övladım var, ikisinə də adı özümüz vermişik. Oğlumun adı Altaydır və mənası Odlar Yurdudur. Qızımın adı da Elanadır, el və ana sözlərinin birləşməsindən yaranıb, El Anası mənasını verir. Hər ikisi müasir addır və eyni zamanda milli köklərə dayanan sözlərdir. Yəni fikirləşəndə həm müasir, həm də milli kökü olan adlar tapmaq mümkündür”.
Sosioloq son dövrlərdə kütləvi formada yayılan adlara da münasibət bildirib: “Azərbaycanda daha çox ərəb mənşəli adlar kütləvi formada qoyulur. Bu ən çox da Azərbaycan ərəblər tərəfindən işğal olunduqdan sonra, əhali zorən islamı qəbul etdikdən sonra ərəb adları milli adları sıxışdırmağa başladı, sonralar hakimiyyətdə olan farsların təsiri ilə fars adları da buna qoşuldu. Yalnız sovet dövründə milli adlar yenidən canlanmağa başladı. Amma indi də vəziyyət elədə ürəkaçan deyil. Sadə bir misal çəkim, yaşadığımız həyətə uşaqları gəzməyə düşürəndə çox gülməli bir mənzərənin şahidi oluram, pəncərələrin birindən bir ana həyətdə oynayan uşağını səsləyir: “Məhəmməd...”, həyətdən 3-4 uşaq eyni zamanda cavab verir. Bir dəfə hesabladım, həyətimizdə 4 Fatimə, 4 Zeynəb, 6 Məhəmməd, 3 Əli, 4 Hüseyn, 5 Aylin, 3 Ceyla vardı. “Çalıquşu”nu yadınıza salın, sinifdə Aişə və Zəhradan başqa ad yox idi. Bizdəki vəziyyət də eynilə elədir”.
L. Mehralı körpələrə yaşayan və ya rəhmətə gedən qohumların adlarının verilməsini düzgün hesab etmədiyi söyləyib: “Bizim cəmiyyətdə yeni doğulan körpəyə adətən yaşayan və yaxud da rəhmətə gedən valideynin, qohumun adı verilməsi kimi qəribə adət var. Körpə hələ müdafiəsiz, zəif olduğu halda bu qədər ağır yükü ona yükləyirlər. Çünki ad körpəyə verildiyi andan etibarən sahibini öz təsiri altına alır. Əgər o adın sahibi dünyadan vaxtsız köçübsə, hər hansı bir xəstəlikdən dünyasını dəyişibsə o neqativ enerji yeni doğulan körpəni o ad vasitəsi ilə təsiri altına alır. Dünyasını dəyişmiş nənə və babanın adının uşaqlara verilməsini doğru hesab etmirəm. Bu elə başa düşülməsin ki, adlar dövrümüzə görə köhnədir və ya başqa səbəb axtarılmasın. Mən körpəyə milli köklərə bağlanan müasir ad verməyin tərəfdarıyam”.
O, bəzən valideynlərin körpələrinə ad seçməkdə azad olmadıqlarını da xatırladaraq bunu mənfi hal kimi qiymətləndirib: “Uşağa çox vaxt ailənin böyükləri ad verir, nənə-baba bir vaxtlar öz övladına ad qoya bilmədiyi üçün nəvəsinə ad qoymaq istəyir, amma bu vaxt ananın fikri nəzərə alınmır, qadın 9 ay bətnində böyütdüyü körpəyə özü ad vermək istəyir, amma böyüklər imkan vermir. Körpəyə ad vermək valideynlərin, ən çox da onu 9 ay bətnində gəzdirən, dünyaya gəlişində əziyyəti olan ananın haqqıdır, bu haqqı çox vaxt qadının əlindən alırlar. Qadın tanıyıram ki, övladına ad qoya bilməyib, heç bəyənmədiyi bir adı böyüklər qoyub körpəyə, o qadın övladının adını hələ də çağıra bilmir, uşağını əzizləmə mənasında ayama və təlğələrlə çağırır”.
Şərhlər