Bu deputatlar tezliklə rektorluqdan gedəcək

03.11.2015 01:35     Sosreaksiya     1774

Reaksiya.az-ın ans press-ə istinadən məlumatına görə, deputatlığa namizədliyini irəli sürən 4 rektorun adı - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) artıq seçilənlər sırasındadır.

Belə ki, Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz – Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov - 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov - 65 saylı Saatlı - Sabirabad – Kürdəmir Seçki Dairəsindən, Ağacan Abıyev isə - 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər.

Bu ilin sentyabr ayında verilən qərara əsasən Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər.

Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də öz əksini tapıb.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Günel Aslanova bildirib ki, hələ heç bir dəyişiklik yoxdur: "Rektor Əhliman Əmiraslanov iş başındadır. Öz vəzifəsini icra edir."

Digər universitetlərdə də rektorlar hələ ki, öz vəzifələrini icra edirlər. Amma yaxın vaxtlarda dəyişiklik olacağı istisna edilmir.

Xatırladaq ki, bəzi universitetlərin rəhbərləri isə deputatlıqdan imtina edərək, rektor kimi qalmağa üstünlük verdilər. Adları bu il namizədlik siyahısında olmayanlar isə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru Gülçöhrə Məmmədovadır.

Şərhlər