Azərbaycan diasporu Amsterdam Universitetinə etiraz bəyanatı ünvanladı

03.11.2015 15:23     Sosreaksiya     1884

Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtında yerləşən Amsterdam Azad Universitetində erməni lobbisinin planlaşdırdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib.

Reaksiya.az APA-ya  istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bu ölkədəki erməni diasporu noyabrın 7-də adıçəkilən universitetdə “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirməyi, tədbirə separatçı rejimin “millət vəkili” Armen Sarkisyanı dəvət etməyi planlaşdırır.

Azərbaycan-Türk Kültür Mərkəzi isə seminarın keçiriləcəyi Amsterdam Azad Universitetinin rəhbərliyinə etiraz məktubu ünvanlayaraq “Dağlıq Qarabağ Respublikası”nın Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini işğalı nəticəsində Azərbaycan torpaqlarında yaradıldığını onların diqqətinə çatdırıb. Bildirilib ki, “respublika”nın yaradılması üçün Azərbaycanın 7 rayonu işğal edilib, minlərlə insanlar öldürülüb, bir milyon azərbaycanlı doğma yurdundan qovulub.

Bəyanat müəllifləri əlləri qana batan separatçı kriminal rejimin nümayəndəsinin Amsterdam Azad Universitetində çıxışını Niderland Krallığında yaşayan azərbaycanlılarda dərin təəssüf və qəzəb hissi doğurduğunu bildiriblər. Yerli ictimaiyyəti Dağlıq Qarabağdakı separatçı rejimə qucaq açmamağa çağıran Azərbaycan diaspor nümayəndələri ümid edirlər ki, universitetin müəllim və professor heyəti Azərbaycanın ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşaraq, işğalçı rejimin nümayəndələrinə çıxış etmək üçün şərait yaratmayacaq.

Şərhlər