Sentyabrda 66 nəfər qidadan zəhərlənib
03.11.2015 16:27 Sosreaksiya 1879
Sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsi hadisəsi baş verib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin hadisələr nəticəsində 66 nəfər zərərçəkən olub. Bu hadisələrin 2-si botulizm olub, botulizmdən 2 zərərçəkən olub.
Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Eyni zamanda 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evləri və iaşə müəssisələrindən 885 yaxma götürülüb, yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilməyib.
Şərhlər