Polislərə avtomatla atəş açan şəxs məhkəmə qarşısında
04.11.2015 05:03 Sosreaksiya 1614
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarını öldürməyə cəhddə təqsirləndirilən 1989-cu il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə keçirilib.
Reaksiya.az-ın lent.az-a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə yanaşı, şahidlər İmdad Əliyev və Vüqar Babayev ifadə verib.
E.Məmmədov ifadəsində polislərə atəş açmadığını deyib: "Mən heç bir polis əməkdaşına atəş açmamışam. Yanvar ayının 22-də evimizdə yatarkən məni polislər gəlib tutublar. Həmin gün evdən başqa heç yerdə olmamışam. Keçən prosesdə ifadə verən polislər deyir ki, mən qayışsız avtomatla səkkiz polisin hamısına atəş açmışam. Axı hamısına atəş açmışdımsa, niyə yerdə 4 güllənin gilizi var idi”.
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı olan İ.Əliyev dindirilən zaman E.Məmmədovun hadisə yerində istifadə etdiyi deyilən silahın evdə olmadığını bildirib: "Atışma zamanı orada olmamışam. Sonradan qoşuldum. Elvin bizə qeydiyyatda olduğu Xızı rayonunun Giləzi kəndinə apardı ki, hadisə yerində istifadə etdiyi avtomat evin zirzəmisindədir. Aparılan axtarış zamanı isə silahı tapmaq mümkün olmadı. Elvin zirzəmiyə girib dedi ki, silahı kimsə bizdən əvvəl götürüb".
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşı V.Babayev hadisə günü Elvin Məmmədovu evindən götürdüklərini deyib: “Zirzəmidə silah tapılmadı və o dedi ki, avtomatı kimsə bizdən əvvəl götürüb".
Təqsirləndirilən şəxs hər iki polis əməkdaşının yalan danışdığını deyib.
Məhkəmə prosesi noyabrın 10-na təyin edilib.
Qeyd edək ki, Elvin Məmmədov əvvələr oğurluq hadisəsi törədiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay 28 gün müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib. Onun barəsində daha bir cinayət əməli aşkarlanıb. Belə ki, Elvin Məmmədov yeni bir cinayət törətmək istərkən Bakı Şəhər Baş Polis idarəsinin əməkdaşları əməliyyat keçirib. Bu zaman o, odlu silahla polislərə müqavimət göstərərək atəş açıb və hadisə yerindən qaçıb. Elvin Məmmədov Cinayət Məcəlləsinin 228 (soyuq silah daşıma), 29.120 (öldürməyə cəhd) maddələri ittiham olunub.
Şərhlər