Jurnalistin məhkəməsi qapalı keçiriləcək
04.11.2015 17:00 Sosreaksiya 1807
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra R. Mirqədirovun vəkilləri onun vəkillərin yanında əyləşməsi, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi, bəzi sübutların cinayət işindən çıxarılması, David Şahnazaryan və Laura Baqdasaryanın məhkəməyə şahid kimi çağırılması barədə vəsatətlər veriblər.
Dövlət ittihamçısı Mübariz Miriyev çıxış edərək vəsatətlərin təmin olunmamasını istəyib.
Prokuror eyni zamanda məhkəmə prosesinin qapalı keçirilməsini barədə vəsatət qaldırıb. Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.
Prokurorun prosesin qapalı keçirilməsi barədə vəsatəti isə təmin olunub.
Daha sonra prosesin məhkəmə baxışının vaxtı müəyyən edilib. Proses noyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Şərhlər