Mikayıl Cabbarov YUNESKO-da Azərbaycan təhsilindən danışdı
05.11.2015 15:05 Sosreaksiya 1738
Azərbaycan Ermənistandan başqa digər qonşu ölkələrlə ikitərəfli münasibətləri möhkəmləndirməkdə maraqlıdır.
Reaksiya.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində iranlı həmkarı Əli Əsgər Fani ilə görüşü zamanı deyib.
İran Prezidentinin qonşu ölkələrlə ikitərəfli münasibətlərə önəm verdiyini bildirən və təhsil əlaqələrinə toxunan iranlı nazir azərbaycanlı həmkarını ölkəsinə dəvət edib.
Azərbaycanlı nazir təhsil sektorunda əməkdaşlığın yollarını birlikdə müzakirə etməyi təklif edərək iranlı həmkarına onu ölkəsinə dəvət etdiyinə görə təşəkkür edib.
Sessiya çərçivəsində M.Cabbarov fransalı həmkarı Najat Vallo-Belkasem ilə də görüşüb.
Nazirlər Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayaraq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə, ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə toxunublar.
İkili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin yüksək səviyyəli görüşündə çıxış edən M.Cabbarov “İncheon” bəyannaməsinə toxunaraq onun təhsilin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq prosesində mühüm addım olduğunu qeyd edib. O bildirib ki, təhsil sahəsində göstəriləcək səylərin birləşdirilməsi davamlı inkişaf üçün çox vacibdir. “Təhsil -2030 Fəaliyyət Planı”nın qəbul edilməsi də bu uğurlu birgə səylərin tətbiq ediləcəyinin göstəricisidir.
Belə addımların YUNESKO-nun səmərəliliyini bir daha aydın şəkildə nümayiş etdirdiyini bildirən M.Cabbarov yeni ruh yüksəkliyi ilə innovativ yolların axtarışının vacibliyini vurğulayıb. O, təhsilin inkişafının yoxsulluq və ekstremizmlə mübarizədə ən yaxşı vasitə, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdırıb.
Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində yeni islahatların həyata keçirilməsi üçün fəal addımlar atıldığını vurğulayaraq Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrında yenidən seçildikdən sonra imzaladığı ilk sənədin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olduğunu bildirib. Strategiyanın Fəaliyyət Planının həyata keçirildiyini bildirən nazir ilk növbədə uşaqların səmərəli təhsil modelinə uyğun inkişafına dair proqramların reallaşması istiqamətində görülən işlərdən danışıb.
Çıxışının sonunda “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir” - deyən Mikayıl Cabbarov təhsilin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Mikayıl Cabbarovun çıxışı zamanı söylədiyi “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir” - fikri YUNESKO-nun “Tvitter” səhifəsində paylaşılıb.
Şərhlər