Onlar özlərini əhli-beyt aşiqi hesab edirlərsə... - İlahiyyatçıdan çağırış
06.11.2015 13:15 Sosreaksiya 2366
Xəbər verildiyi kimi, “Müsəlman birliyi hərəkatı”nın sədr müavini Elçin Qasımlının saxlanılması ilə bağlı dünən Sabunçu Rayon Polis İdarəsində bir qrup dindar etiraz aksiyası keçirib.
Polis etirazçıları idarədən uzaqlaşdırarkən dindarlarla qarşıdurma baş verib və hadisə zamanı bir neçə nəfərin saxlanıldığı deyilir.
Baş verən olayla, ümumiyyətlə, radikalizmə meyillənmənin hansı formada olduğu ilə ilahiyyatçı-alim Seyid Camal Əzimbəyli Reaksiya.az-a açıqlama verib.
O, ölkədə bu həssas vaxtda heç bir radikallaşmanın olmadığını və yaranan problemlərin cüzi olduğunu vurğulayıb: “Azərbaycan Respublikasının istənilən vətəndaşı hansısa qurumdan, iqtisadi problemlə bağlı narahatçılığını dilə gətirə bilər. Amma istər milli, istər mənəvi baxımdan Azərbaycanda tolerantlıq dünyanın heç bir ölkəsində olmadığı qədər yüksək səviyyədədir. Dini mühitdə də xırda problemlərin olması normaldır. Amma bu problemlərin yerində həll olunması üçün xüsusi olaraq, din-dövlət münasibətlərində hər zaman körpü rolunu oynayan şəxs kimi deyirəm ki, bəzən radikalizmin ən qaynar nöqtəsinə zaman-zaman mən getmişəm. Bu məsələlərin yerində həll olunması üçün hətta vasitəçi rolunu oynamışam. Tək dünənki hadisələri demirəm, dünənki hadisə haqda ətraflı məlumata sahib deyiləm və oradakı proseslərin nədən qaynaqlandığını bilmirəm. Bu hadisəni ora toplanmış insanların özü ilə də telefon əlaqəsi saxlayaraq araşdıracam”.
S. Əzimbəyli Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edib.
“Azərbaycandakı dini məzhəblər arası dözümlülük dünyanın bir çox ölkələrində narahatlığa səbəb olub. Azərbaycanda əsrlərdir davam edən məzhəblər arası münasibət, dözümlülük, xoşgörü dünyanın heç bir ölkəsində yoxdur. Bu yaxınlarda Türkiyənin Diyanət İşləri Başçılığı sədrinin qonağıydım, hətta ona da Türkiyədə ilə də müqayisə olunmayacaq dərəcədə Azərbaycanda məzhəblər arası qardaşlıq, birlik və bərabərlik içərisindəki yaşam çox yüksək səviyyə olduğunu söylədim”- deyə ekspert əlavə edib.
İlahiyyatçı alim ölkədəki sabitliyi qorumaq adına dindarları birliyə bərabərliyə səsləyib: “Kimlərsə tərəfindən Azərbaycanda birlik və bərabərliyi pozmaq üçün artıq düyməyə basıldığı açıq görünür. Mən dini kimliyi ilə bərabər milli kimliyini də daşıyan, özünü potensial bu dövlətin varlığı üçün şəhid sayan hər bir kəsə mesaj vermək istəyirəm ki, özlərini əhli-beyt aşiqi hesab edirlərsə, həssas dönəmdə onlar dövlətin milli mənafeyini qorumaq üçün birilərinə fürsət verməməlidirlər. Təkfirçilərə şərait yaratmamalıdır. Problemlər varsa, o problemlərin həlli yolları da var. O problemlər hardasa qışqırmaqla, bağırmaqla həll olunmayacaq, əksinə daha böyük problemlərə yol açacaq. Azərbaycanı Suriyaya, İraqa, Yəmənə çevirmək istəyənlər üçün əlavə stimul verəcək. Bunu müzakirə etmək üçün Azərbaycanda kifayət qədər dövlətin milli mənafeyini düşünən şəxslər var”.
Şərhlər