Sabunçu hadisəsində dindən istifadə etməklə siyasi çağırışlar ediblər - Dini Komitə
06.11.2015 12:45 Sosreaksiya 1676
Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdirmişlər. Hazırki şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu dünən gecə Sabunçuda baş verən hadisələri şərh edərkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
S.Heydərov qeyd edib ki, noyabrın 5-də rəsmi qeydiyyatdan keçməmiş, Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavinii kimi təqdim olunan Elçin Qasımov Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb:
"Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıblar. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb".
Komitə rəsmisi deyib ki, həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur:
"Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar ediblər. Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdiriblər. Hazırki şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur".
Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dindarların aksiyası keçirilib. “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.
Şərhlər