Əcnəbilər mövsümə uyğun olaraq ov bileti ala bilərlər - Nazirlik

06.11.2015 18:00     Sosreaksiya     1689

Ölkə qanunlarına müvafiq olaraq Azərbaycan vətəndaşları, o cümlədən, xarici ölkə vətəndaşları qanun çərçivəsində Azərbaycanda ov üçün müəyyən edilmiş ərazilərdə mövsümə uyğun olaraq ov bileti ala bilər.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri  İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunlarına müvafiq olaraq, Azərbaycan ərazisində ovun həyata keçirilməsi ilə bağlı icazə almaq üçün bu günlərdə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının nümayəndəsi, “MRG” şirkətinin direktor əvəzi Ceyhun Hacıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib:

"Azərbaycan qanunlarına müvafiq müraciət etdiklərinə görə nazirlik tərəfindən bu məsələyə baxılıb və ov turizmi ilə məşğul olmaları üçün limitə uyğun olaraq 9 nəfər BƏƏ vətəndaşına, Azərbaycanda qəbul edilmiş normalara görə, hər ovçuya 10 ədəd quş ovlanmasına icazə verilməklə ov obyektinə müvafiq ov bileti verilib".

Qeyd edək ki, xarici vətəndaşların ov etmələri Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.

Şərhlər