Ramil Usubov seçim etdi

08.11.2015 03:26     Sosreaksiya     1673

Daxili işlər naziri Ramil Usubov Gəncədə vətəndaş qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinlərinin, eyni zamanda bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu ilə görüşən nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olmayan müraciətlərin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb. Ümumilikdə Ramil Usubov tərəfindən 50 vətəndaş qəbul edilib.

Bununla yanaşı kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 1700 gənc də qəbulda iştirak edib. Onların arasından daha hazırlıqlı olan 65 namizəd polis orqanlarında, 120 nəfər isə Daxili Qoşunlarda xidmətə qəbul üçün seçilərək sənədlərinin hazırlanması məqsədilə aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. Nazir namizədlərə öz tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Şərhlər