100-dən çox yaşayış evi sel sularının altında qaldı - Astarada - FOTOLAR

09.11.2015 17:16     Sosreaksiya     2290

Astara şəhərində 100-dən yuxarı yaşayış evi sel sularının altında qalıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Astara şəhəri üzrə nümayəndəsi  Şahverən Cavadov məlumat verib.

Məlumata görə, bu, son 4 gün ərzində bölgəyə düşən intensiv yağışlar səbəbindən baş verib.  Ən gərgin vəziyyət isə şəhərin Heydər Əliyev prospekti, Azərbaycan, Səməd Vurğun, Ziya Bünyadov və Həzi Aslanov  küçələri ərazilərində yaranıb. Belə ki, həyətləri, evlərin zirzəmilərini, küçələri su basdığından sakinlər  öz isti ocaqlarını tərk etmək məcburiyyətində qalıblar. Artıq 20-yə yaxın ailə su basma ilə əlaqədar qohumlarının yanına köçürülüb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Astara RİH-də fövqəladə qərargah yaradılıb.  İki gündür ki, müvafiq qurumlar gərgin iş rejiminə keçirilib. Təbii fəlakətin nəticələrinin qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları da cəlb olunublar.  Ağır texnikanın və işçi qüvvəsinin köməyi ilə kanallar dərinləşdirilir.

Ş.Cavadovun sözlərinə görə, suötrücü kanalların mühafizə zolağında 10-15 il əvvəl fərdi yaşayış evlərinin tikilməsi səbəbindən həmin ərazilərdə su ötürücü kanalların qarşısı alınıb. Bununla belə,  həyətlərdən və küçələrdən sel sularının qısa müddətdə çıxarılması üçün bütün lazımi tədbirlər görülməkdədir.

Qeyd edək ki, cənub bölgəsində yağmurlu hava şəraiti  davam edir.

Şərhlər