​Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur

10.11.2015 03:15     Sosreaksiya     1481

"Bu gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür".

Reaksiya.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda çıxış edən prezident İlham Əliyev deyib.

"Azərbaycanda hərbi sənaye yaradılıb. Artıq 10 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Əgər o vaxt bu qərar qəbul edilməsə idi, bu gün biz sənayenin bu sahəsinin inkişafından bəhrələnə bilməzdik. Biz hazırda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edirik", - deyə prezident bildirib.

Onun sözlərinə görə, "ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz müharibə şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik. Bəzi hallarda embarqolar var. Onların heç bir əsası yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür. Bilirəm, alimlər burada iştirak edirlər, amma daha da fəal iştirak etməlidirlər. Biz əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca biz o texnologiya ilə tanış oluruq. Bizə lazım olan bütün növ silahları gələcəkdə özümüz istehsal edə bilərik. Heç olmasa o nümunələrdən istifadə edə bilərik. Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün çox geniş bir meydan var. Azərbaycan dövləti də öz tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da böyük dərəcədə cəlb etsin".

Şərhlər