Tiflisdə muzeylərə həsr olunmuş beynəlxalq konfrans keçirilib
10.11.2015 05:42 Sosreaksiya 1360
Tiflisdə "MDB ölkələrinin muzeylərində problemlər və inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən Gürcüstan Mədəniyyət nazirinin müavini Manana Berikaşvili postsovet illərindən qalan muzeylərdə hələ də problemlərin mövcud olduğunu və onların həllinin vacibliyini vurğulayıb.
Tədbirdə Azərbaycanı Avropa Mədəniyyət Parlamentinin üzvü və "Avropada ilin muzeyi mükafatı"nın münsiflər heyətinin üzvü Cahangir Səlimxanov, Azərbaycan Dövlət Xalça Muzeyinin müdir müavini Yalçın Səlimov, “İçərişəhər” Tarixi Memarlıq Qoruğ Muzeyinin mədəni proqramlar şöbəsinin müdiri İradə Qasımova təmsil edib.
Beynəlxalq konfransda keçmiş SSRİ respublikalarından Estoniya, Latviya, Ermənistan, Qazaxıstan, Rusiyadan olan nümayəndələr və keçmiş kommunist bloku ölkələrindən Slovakiya, Sloveniya, Bosniya və Herseqovina, Xorvatiya və s. ölkələr iştirak ediblər.
Cahangir Səlimxanov APA-ya açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyəti konfransda çox maraqlı təqdimatlarla çıxış edib: “Mən konfransda "Muzey bu gün: müxtəlif və bir-birinə zidd olan gözləntilərə cavab axtarışında" adlı məruzə ilə çıxış etdim və çıxışımı muzeylərlə bağlı Avropa təcrübəsinə əsaslandırdım. Tədbirdə Azərbaycan Dövlət Xalça Muzeyinin müdir müavini Yalçın Səlimovun "Müasir problemlər və onların həlli yolları: "Azərbaycan xalça muzeyi XXI əsrdə"" adlı təqdimatı da çox uğurla keçdi”.
Beynəlxalq konfransda çıxış edən “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruq Muzeyinin şöbə müdiri İradə Qasımova APA-ya muzeyin yaradılması tarixindən danışdığını bildirib: "Konfransda İçərişəhərin "Bakının ürəyi" və "vizit vərəqəsi" , onun XII əsrə aid olduğu barədə ətraflı məlumat verdim. Qeyd etdim ki, İçərişəhərdə 500-dən çox tarixi-memarlıq nümunələri var. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksinin 2000-ci ildə Ümumdünya irsi siyahısına salındığını, İçərişəhərdə 4000 nəfərdən ibarət 1300 ailənin yaşadığını konfrans iştirakçılarının nəzərinə çatdırdım".
Şərhlər