Avropa və Asiya Media Forumu başladı - Moskvada
10.11.2015 12:29 Sosreaksiya 1596
Moskvada Avropa və Asiya Media forumu başlayıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, forumun təşkilatçısı “Rossiya Seqodnya” Beynəlxalq Media Qrupudur.
Sayca səkkizinci dəfə keçirilən forumun mövzusu “Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq”dır.
Tədbirdə nüfuzlu media təşkilatlarının baş redaktorları və top-menecerləri, teleradio şirkətlərinin və internet portallarının rəhbərləri, media üzrə ekspertlər və 14 postsovet ölkəsinin məşhur jurnalistləri iştirak edirlər.
Tədbirin gündəliyinə müxtəlif siyasi və iqtisadi proseslər zamanı keçmiş Sovet İttifaqı ölkələrinin kütləvi informasiya vasitələsinin qarşılıqlı fəaliyyəti daxildir. Forum iştirakçıları media və hakimiyyət arasında dialoq, Avropaya inteqrasiya çərçivəsində qarşılıqlı informasiya fəaliyyəti strategiyasının hazırlanmasına diqqət yetiriblər. Həmçinin informasiya müharibəsi və onun nəticələri, informasiya kanalları vasitəsi ilə edilən təhdidlərlə mübarizə yollarının axtarılması barədə müzakirələr olunub.
Forumun açılışında çıxış edən “Russia Today” (RT) telekanalının baş redaktoru Marqarita Simonyan və “Rossiya Seqodnya” informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov dünyada baş verən informasiya müharibəsindən və bu müharibənin mənfi nəticələrindən bəhs ediblər. Onlar informasiya müharibəsinin sağlam məntiqə böyük zərbə vurduğunu qeyd ediblər. Hazırda Qərblə Rusiya arasında gedən informasiya müharibəsinin ən yüksək səviyyəyə çatdığını vurğulayan KİV rəhbərləri Ukrayna böhranı və İŞİD təhlükəsi səbəbindən dünya ölkələrinin qütblərə bölündüyünü bildiriblər. Natiqlər hazırda dünyada Rusiyanın müttəfiqlərinin ABŞ-dan daha çox olduğunu qeyd ediblər. Onlar bunu Rusiyanın dünyada gedən proseslərdə tutduğu ədalətli mövqeyi ilə əlaqələndiriblər.
Tədbir panellərdə davam etdiriləcək.
Qeyd edək ki, Forumda APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev də iştirak edir.
Şərhlər