83 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirildi

10.11.2015 13:15     Sosreaksiya     1898

2015-ci ilin oktyabr ayı ərzində 3,657,657 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 83 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 309,423,464 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,777-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Lənkəran, Qazax, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin oktyabr ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Şərhlər