Azətbaycanda sərhədi pozmaq istəyən 35 nəfər saxlanıldı

11.11.2015 10:45     Sosreaksiya     1742

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin oktyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 35 nəfər saxlanılıb.

Reaksiya.az APA-ya  istinadən xəbər verir ki,DSX-nin mətbuat mərkəzindən  verilən məlumata görə, onların 27 nəfəri Azərbaycan, 3 nəfəri Nige­riya, 2 nəfəri İran İslam Respublikası, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun və Kot-Divuar vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 2 halda 2 nəfər, Xəzər dənizində 14 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 6 kiloqram 476 qram narkotikin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 44 halda ümumi dəyəri təqribən 245 min manat olan qaçaqmal, o cümlədən 1662 Azərbaycan manatı, 1380 ABŞ dolları, 900 ədəd pirotexniki maddə, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 1 ədəd motosiklet, 7 ədəd qayıq, 2146 qutu siqaret, 269 ədəd mobil telefon, 30 baş iri buynuzlu mal, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

Şərhlər