Arif Yunus məhkəmə zalından azadlığa buraxıldı

12.11.2015 14:55     Sosreaksiya     1886

Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasda Penitensiar xidmətin Tibb Baş İdarəsinin məhkəməyə ünvanladığı məktub oxunub. Həmin məktubda qeyd olunub ki, Almaniyadan gəlmiş mütəxəssislər A. Yunusu müayinə ediblər. Həmin müayinənin nəticələrinə görə, onun təzyiqi həddindən artıq yüksəkdir.

Bundan sonra A. Yunusun vəkili Əfqan Məmmədov çıxış edib. O, A. Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə isə vəsatəti təmin edərək A. Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə prosesi davam etdiriləcək.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.   Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.

Şərhlər