Baş nazirin müavini qadınlara qarşı zorakılıqdan danışdı

13.11.2015 11:27     Sosreaksiya     1604

Azərbaycanda qadınlara qarşı törədilən zorakılıqla bağlı cinayətlərin sayı azalıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev məişət zorakılığının qarşısının alınması üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

E.Əfəndiyev qeyd edib ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycanda 2011-ci ildə qadınlara qarşı törədilən zorakılıqla bağlı cinayətlərin sayı 4280 olub, amma 3 ildən sonra - 2014-cü ildə bu rəqəm azalaraq, 2134-ə enib. Bu ilin 1-ci rübündə isə bu statistika 567 olub. Eyni zamanda, yetkinlik yaşına çatmayan qızlara qatşı törədilən cinayətlərin sayı 2011-ci ildə 103, 2014 -cü ildə 62, bu ilin 1-ci rübündə isə 4 olub. Bu dinamika müsbətə doğru dəyişir, amma biz bununla kifayətləmə bilmərik. Bu halların qarşısı alınarsa, statistika daha da azalar. Bununla bağlı davamlı olaraq, aksiyaların keçirilməsinə ehtiyac var.

E.Əfəndiyev deyib ki, qadınlara qarşı zorakılıq müasir dövrün mühüm problemlərindən biridir:

"Bunun ilkin səbəblərindən biri qadınların öz hüquqlarını bilməməsi, dövlətin verdiyi imkanlardan istifadə etməməsidir. Bu baxımdan Azərbaycan qanunvericliyi mühüm əhəmiyyət kəsb edir".

Qadın siyasətinin Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu deyən E.Əfəndiyev bildirib ki, 5 il əvvəl məişət zorakılığına qarşı mübarizə ilə bağlı xüsusi qanun qəbul edilib: "Ailə Məcələsində qadınlar üçün nikah yaşı artırılaraq 18 yaş edilib, qadını məcburi nikaha cəlb etməyə görə 2 il müddətində azadlıqdan məhrum edilir".

Şərhlər