Azərbaycanda internetin verilişi bərpa olunub

17.11.2015 00:17     Sosreaksiya     1538

Bu gün saat 16.00 radələrində Azərbaycan ərazisinə internetin verilişində problem yaranıb.

Reaksiya.az-ın xəbərinə görə, problemin yaranmasına “Delta Telekom”da baş vermiş tüstülənmə səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib və tüstülənmənin qarşısı alınıb.

Ölkənin əsas internet istehsalçısı olan şirkətin fəaliyyətində fasilə yaranması dövlət orqanlarının, internet provayderlərinin, bankların, media şirkətlərinin, bəzi mobil operatorların, Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin işində fasilə yaradıb.

“Delta Telekom”da baş vermiş tüstülənmənin səbəblərinin araşdırılmasına başlanılıb. Hadisə yerinə Rabitə və Yüksək Texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov da gəlib.

“Delta Telekom”dan əldə edilən ilkin məlumata görə, hadisə nəticəsində serverlərin yerləşdiyi Data Mərkəzlərə zərər dəyməyib. Sadəcə, internet xətləri ilə bağlı texniki problemlər yaranıb.  

Saat  23.30 radələrində Azərbaycanda internetin verilişi tam bərpa olunub.

Hadisə ilə bağlı dəyən ziyanın miqdarı barədə hələlik məlumat verilməyib. 

Şərhlər