Baş vermiş hadisələrdən nəticə çıxarmaq vacibdir - İltimas Məmmədov
17.11.2015 10:23 Sosreaksiya 1794
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunmuş müşavirə keçirilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, müşavirədə Respublika Rabitə İşçiləri Veteranlar Şurası və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrləri də iştirak edib.
RYTN-in birlik və müəssisələrinin video-bağlantı ilə qoşulduğu müşavirədə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə Əli Abbasovun nazir vəzifəsindən azad edilməsini diqqətə çatdırıb.
O qeyd edib ki, rabitə və yüksək texnologiyalar sahəsi ölkə iqtisadiyyatında və cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir, eyni zamanda ölkəmizin davamlı inkişafı üçün prioritet sahələrdəndir.
Nazir müavini bildirib ki, Azərbaycan dünyanın kosmik klubunda öz layiqli yerini tutan, kosmik sənaye sahəsində inamla irəliləyən və bu sahədə xüsusi nailiyyətlərə imza atan Azərbaycan bu gün artıq “Azerspace-1” - telekommunikasiya və “Azersky” - Yer səthinin məsafədən müşahidə peykinə malikdir, eyni zamanda növbəti illər üçün peyk layihələrinin icrasını davam etdirir.
Görüşdə bildirilib ki, bu gün də cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatını yüksək səviyyədə təmin etmək üçün dünya təcrübəsi əsaslı şəkildə öyrənilir, sahə üzrə ən müasir yeniliklərin ölkədə tətbiqi imkanları dərindən araşdırılır. Bununla belə, rabitə sahəsində qurulmuş və inkişaf edən düzgün texniki siyasətə baxmayaraq, RYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların ayrı-ayrı məsul şəxsləri tərəfindən ciddi qanun pozuntuları üzrə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparıldığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı faktları ilə əlaqədar ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi qeyd olunub. Baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanılmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi vurğulanıb.
Müşavirənin sonunda İ. Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin, eləcə də rabitə sahəsində bütün istiqamətlər üzrə profilaktik tədbirlərin daim diqqətdə saxlanılması, vətəndaş müraciətlərinin baxılmasının operativliyinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib. Eyni zamanda qarşıdan 6 dekabr - rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı, 2-5 dekabr - 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı “Bakutel2015” kimi əlamətdar günlərin yaxınlaşdığı bildirilib və 20 noyabr - 20 dekabr tarixlərində “Yüksək xidmət aylığı”nın keçiriləcəyi və bütün rabitə birlik və müəssisələrində xüsusi iş rejimində çalışacaqları nəzərə çatdırılıb.
Şərhlər