Azərbaycanın şimal bölgəsinə qar yağır
18.11.2015 11:22 Sosreaksiya 1663
Noyabrın 18-i səhər saatlarından başlayaraq ölkəmizin şimal bölgəsinin rayonlarına qar yağır.
Reaksiya.az Azərtac-a istinadən xəbər verir ki, Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur.
Maraqlısı odur ki, qar həmişəkindən fərqli olaraq dağlıq yaşayış məntəqələrində deyil, dağətəyi ərazilərdə yağmağa başlayıb. Hazırda Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb. Amma dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən Xınalıq kəndində nəinki qar, ümumiyyətlə, yağıntı müşahidə olunmur.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal bölgəsində temperaturun aşağı düşməsi müşahidə edilir. Müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir.
Şərhlər