Mətbuat Şurası bəyanat yaydı

18.11.2015 21:57     Sosreaksiya     1655

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb.

Reaksiya.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Mətbuat Şurasının üzərinə götürdüyü başlıca missiya media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir: “Şura ötən dövr ərzində media məkanımızın saflaşmasına, jurnalistlərin peşəkarlıqlarının artırılmasına çalışmaqla ümumən jurnalistikamızın cəmiyyət qarşısındakı nüfuzunun yüksəldilməsini başlıca hədəf seçib. Bu nüfuzun qorunması peşə borcunu ləyaqətlə yerinə yetirməkdən keçir. Həmçinin hər bir vətəndaşın dövlətə, dövlətçiliyə inamının sarsılmazlığının təminatını şərəf işinə çevirir. Qətiyyətlə demək olar ki, mediamızın həm milli istiqlalımıza aparan yoldakı, həm də müstəqillik illərindəki fəalliyyəti bu baxımdan əlamətdar olub. Lakin zaman-zaman jurnalist adından sui-istifadə hallarına da rast gəlinir”.

Bəyanatda qeyd olunur ki, bəzən ayrı-ayrı media orqanlarının hadisə və proseslərə münasibətdə tutduqları mövqe ictimai missiya əhəmiyyəti daşımır: “Bunun ayrı-ayrı təzahür formaları yekunda vətəndaşın dövlətə inamını sarsıdır. Mətbuat Şurası təəssüf hissi ilə bildirir ki, son günlər bəzi media orqanlarının, əsasən də internet informasiya resurslarının bir sıra dövlət qurumları ilə bağlı məlumat və şərhləri də mövcud prizmadan dəyərləndirilməkdədir. Şuraya ünvanlanan müraciətlərdə medianın bir növ ittiham mexanizminə, təlaş, həyəcan yaratmaq vasitəsinə çevrilməsindən ciddi narazılıq və narahatlıq ifadə olunur. Müraciətlərdə qabardılan daha bir məqam isə müxtəlif KİV-lərin guya müəyyən kompramat materiallara malik olmalarını bildirərək şantaja əl atmalarıdır. Son proseslər fonunda Mətbuat Şurasının apardığı araşdırmalar onu da göstərir ki, ictimai rəydə qəbul edilən, cəmiyyətdə müəyyən oxucu kütləsinə malik media orqanları və internet xəbər saytlarının fəaliyyəti də narahatlıq doğurur. Bir çox hallarda onlar real nüfuza malik olmayan onlayn vasitələrin şəxsi mənafe və maraqlardan qaynaqlanaraq dövriyyəyə buraxdıqları mülahizələri mühüm informasiya kimi yayırlar. Şura belə xoşagəlməz meyllərin mövcudluğundan ciddi şəkildə narahatdır”.

Sənəddə vurğulanır  ki, jurnalistlər mövcud məqamı daim nəzərə almalı, onlara bəslənilən inamı sarsıltmamalıdırlar. Bunun yolu isə hadisə və proseslərə münasibətdəki həssaslıqdan, obyektivlik və dəqiqlikdən keçir: “Mətbuat Şurası ölkədə kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərdiyini bəyan edən media orqanlarını  jurnalistika prinsiplərinə sadiq olmağa çağırır. Qurum bu sadiqliyi təkcə peşə borcunu ləyaqətlə yerinə yetirmək öhdəliyi deyil, müstəqil Azərbaycan Respublikasında qərarlaşmış qanunçuluğa, siyasi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşın dövlətə etimadının qorunmasına ehtiram əlaməti kimi dəyərləndirir. Şura bütün bunları nəzərə almayan, iradlardan nəticə çıxarmayan KİV-lər barədə müvafiq tədbirlərin görülməsi məqsədilə əlaqədar strukturlar qarşısında məsələ qaldıracaq və mövqeyində israrlı olacaq”.

Şərhlər