Günəşdən gələn təhlükə Azərbaycana da çatdı

23.06.2015 13:10     Sosreaksiya     1960

Geomaqnit vəziyyət nəticəsində insanlar arasında yaranacaq neqativ təsir bu gün və qismən sabah hiss ediləcək.

"11-illik Günəş fəallığı tsiklinin ikinci ən güclü geomaqnit qasırğası baş verib. 22 iyun tarixində Günəşdə baş verən alışmalardan sonra bu gündüz ulduzundan kosmik fəzaya bir neçə qaynar nəhəng plazma buludu (“tac kütlə atılmaları”) atılıb. Yerə doğru yönələn (geoeffektiv olan) plazma buludları Yer maqnitosferi ilə qarşılıqlı təsirdən sonra G4 sinfinə mənsub (maximum G5-dir) güclü geomaqnit qasırğası yaradıb". 

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. 

O bildirib ki, bu dəfəki geomaqnit həyəcanlaşmasının səbəbi həm Günəş alışmaları, həm də planetlərarası maqnit sahəsinin istiqamətidir - planetlərarası maqnit sahəsinin cənub istiqamətini göstərməsi kosmik hava şəraitini daha da əlverişsiz edir:

"Bu qasırğa həm 2015-ci ilin, həm də cari 11-illik Günəş fəallığı tsiklinin 2-ci ən güclü qasırğasıdır (1-cisi bu ilin may tarixində baş vermişdi) və hətta parıltısı Şimali Amerika qitəsinin orta en dairələrində belə müşahidə olunub. Hal-hazırda geomaqnit qasırğası davam etməkdədir, qasırğanı xarakterizə edən və maksimal qiyməti 9 olan geomaqnit Kp indeksinin qiyməti 8-dir. Gün ərzində qasırğa davam edəcəkdir. 24 iyun tarixində gün ərzində də 70% ehtimal ilə geomaqnit qasırğası gözlənilir. Hal-hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, həmçinin Günəş səthində müşahidə olunan tac dəliklərindən (maqnit qüvvə xətləri açıq olan hissələrdən adətən sürətli Günəş küləyi öz başlanğıcını götürür) 24-25 iyun tarixlərində gözlənilən yüksək sürətli plazma küləyinin olması kosmik hava şəraitini mürəkkəbləşdirir".

Elçin Babayevin sözlərinə görə, geomaqnit vəziyyətin bu gün və sabah nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən asılı olacaq:

"Hal-hazırda Günəşdə S3 sinfinə mənsub (maksimum S5 olmaqla) Günəş qasırğası vardır. Günəşin müşahidə olunan diski üzərində olan ləkələrin sayı 77-dir. Günəş diskinin düz mərkəzində yerləşən 2371 nömrəli böyük ləkə qrupu isə o qədər böyükdür ki, onu hətta Yerdən tutqun şüşə ilə baxdıqda belə müşahidə etmək mümkündür. 2371 nömrəli regionun ləkələri çox mürəkkəb (“beta-qamma-delta”) maqnit sahəsinə malikdir. Günəş ləkərindən ən müxtəlif gücə malik alışmaların baş verəcəyi gözlənilir. Ən güclü - rentgen sinfinə mənsub Günəş alışmalarının baş vermə ehtimalı 20%-ə çatıb, M sinif alışma üçün isə 75%-dir. Cari geomaqnit qasırğası o qədər güclü olub ki, Şimali Amerika ərazisində aşağı tezlikli radio dalğalarının sönməsi baş verib. Hal-hazırda radio dalğaların sönməsi Yerin hər iki qütbü ətrafında vaxtaşırı olaraq baş verməkdədir. Böyük ehtimalla yaxın günlər ərzində yerüstü və yerətrafı texnoloji sistemlərə olan mənfi təsirlər haqqında əlavə məlumatlar da daxil olacaq".

Şamaxı Astrofizika Rəsədxanasının rəsmisi bildirib ki, texnoloji sistemlərə və insan sağlamlığına təsirə gəldikdə isə, geomaqnit qasırğası yuxarı en dairələrində daha effektivdir: "Bizim yerləşdiyimiz en dairələri üçün cari qasırğanın təsirinin orta olması gözlənilir. Yay günlərinin meteoroloji şəraitinin tipik dəyişmələri kosmik hava şıltaqlıqları ilə tandem təşkil etdiyindən risk qrupuna daxil olan insanlar üçün kəskin diskomfort yaranacaq, neqativ təsir bu gün və qismən sabah hiss ediləcək, xroniki xəstələr (xüsusilə də, ürək-qan-damar xəstəlikəri olan insanlar), bu, ahıl insanlar və azyaşlılarda özünü qabarıq şəkildə büruzə verəcək. Profilaktik (qabaqlayıcı) tədbirlərin görülməsi çox faydalı ola bilər. Kosmik havanın şıltaqlığı da maraqlıdır. O, sağlam insanlara təsir etmir və ya cüzi təsir edir, sadəcə risk qrupuna daxil olan insanlar – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, aktiv istirahət etməlidirlər", - deyə E. Babayev əlavə edib.

Şərhlər

Çox oxunanlar