“Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa
19.11.2015 22:25 Sosreaksiya 2009
19 noyabr 2015 – ci il tarixində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi (ADPYM), ali və xüsusi təhsil müəssisələrinin təhsil işçiləri və KİV nümayəndələrinin iştirakı ilə “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda respublika miqyaslı “Dəyirmi masa” keçirilib.
Autizm sindromlu uşaqların müasir problemləri və onların həlli istiqamətində zəruri olan məsələlərin müzakirə edildiyi “Dəyirmi masa”nı giriş sözü ilə açan ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novquzov XXI əsrin qlobal problemi hesab edilən autizmin ölkəmizdə də aktual məsələlərdən biri olduğunu, dünya əhalisinin 1 faizinin, yəni 70 milyon nəfərin autizmin qurbanı olduğunu,qeyri - rəsmi stastistikaya görə respublikamızda təxminən 4000-ə yaxın uşağın autizm sindromundan əziyyət çəkdiyini söyləyib.
“Dəyirmi masa”nın 20 noyabr Uşaq Hüqüqlarının Müdafiəsi günü ərəfəsində keçirilməsinin təsadüfi olmadığını qeyd edən natiq autizm sindromlu uşaqların müəyyənləşdirməsi, onların cəmiyyətə inteqrasiyası və s. bu kimi məsələlərə toxunaraq hu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. “ Dəyirmi masa”nın keçirilməsində məqsədin cəmiyyətin diqqətini autizmli uşaqların problemlərinə cəlb etmək, mövcud çətinlikləri aradan qaldırmaq üçün yollar axtarmaq, onların ictimai həyatda tam hüquqlu iştirakını təmin etməkdən ibarət olduğunu söyləyib.
Tədbirdə Millət Vəkili Qənirə Paşayeva “Autizm probleminin qanunvericilikdə öz əksini tapması” mövzusundada çıxış edib.
Milli Məclisin üzvləri Hadı Rəcəbli, Fazil Mustafa mövzu ətrafında nitq söyləyərək autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasının qanunvericiliklə tənzimlənməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə autizmli uşaqlar və onların valideynlərinin qarşılaşdıqları çətinliklər, diaqnostikanın bir cox hallarda düzgün aparılmaması, ümumtəhsil və inklüziv təlim-tərbiyə müəssisələrinin autizmli uşaqları qəbul etməkdən cəkinmələri, təhsil müəssisəsinə qəbul ücün hec bir normativ sənəddə autizm sindromunun qeyd olunmaması, autizmli uşaqların sosial reabilitasiyasının düzgün təşkil edilməməsi, cəmiyyətimizin və valideynlərin autizm sindomu haqqında məlumatlarının az və ya təhrif olunmuş formada olması, habelə autizm sindromlu uşaqların qarşılaşdıqları problemlər, onların həll yollarının müəyyənləşdirilməsi, bütün bu kimi məsələlərin Qanunvericilikdə öz əksini tapması müzakirə olunub.
Şərhlər